11 İyul 2016 22:45

Aprel döyüşlərində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.

Teleqraf.com-un məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Nazir qeyd edib: "Möhtərəm cənab Prezident. Hörmətli iclas iştirakçıları. Yaşadığımız müasir dövrdə dünyada baş verən hadisələr, o cümlədən siyasi və iqtisadi böhranlar müəyyən zaman çərçivəsində təkrarlanır. Müstəqil Azərbaycan da ötən müddət ərzində bir neçə dəfə belə hadisələrin şahidi olmuş və hər dəfə yaranmış vəziyyətdən uğurla çıxmışdır. Ötən ilin sonunda dünyada baş verən siyasi qarşıdurmalar nəticəsində yaranmış iqtisadi böhrandan qısa müddətdə çıxmaq üçün, cənab Prezident, Sizin tərəfinizdən verilən qərarlar ölkədə yeni sosial, iqtisadi islahatların başlanmasına imkan yaratdı. Artıq bu islahatlar öz nəticəsini verməkdədir".

Y.Camalov bildirib ki, digər sahələrdə olduğu kimi, ordu quruculuğunda islahatlar aparılmış, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır: "Bunu aprel döyüşləri də sübut etdi. Belə ki, cari ilin aprel ayında Ermənistan ordusunun təxribatına cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən təmas xəttində işğalçı ölkənin ordusuna güclü zərbələr endirilmiş, bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad edilmişdir. Bu uğurlu həmlə bütün Azərbaycan xalqında yüksək əhvali-ruhiyyə və torpaqlarımızın qısa müddət ərzində işğaldan azad olunmasına qəti ümidlər yaratdı.

Məlumat üçün bildirim ki, həmin döyüşlər zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunmuşdur. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsullar mühüm rol oynamışdır. Aprel döyüşlərində müəssisələrimizdə istehsal olunan silah və sursatlardan - tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK74M tipli avtomat silahlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından düşmənə qarşı geniş istifadə edilmişdir. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmişdir".

Nazir əlavə edib: "Möhtərəm cənab Prezident, ötən illərdə olduğu kimi, 2016-cı ildə də Müdafiə Sənayesi Nazirliyinin kollektivi qarşısında mühüm vəzifələr qoyulmuşdur. Sizin müvafiq tapşırıq və göstərişləriniz əsasında ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə, cari ildə də bir sıra yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılır. Belə ki, cari ildə icrasına başlanmış keçid layihələr davam etdirilir. Həmçinin istismara verilməsi nəzərdə tutulan 7 müəssisədə:

- 40x46 mm-lik “Revolver” tipli qumbaraatanın istehsalı;
- 40x46 mm-lik lüləaltı və “Revolver” tipli qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı;
- RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı;
- M-6 və M-12 tipli mina partladıcılarının istehsalı;
- 23, 30 və 40 mm-lik avtomatik topların və qumbaraatanların döyüş sursatları üçün müxtəlif növ partladıcıların istehsalı;
- 100, 122, 130, 152, eləcə də NATO standartlarına uyğun 155 mm-lik artilleriya və 125 mm-lik tank topları üçün mərmilərin və onların gilizlərinin istehsalı;
- 5,45 mm-dən 30 mm də daxil olmaqla atıcı silahlar və kiçikçaplı avtomatik toplar üçün lülələrin istehsalı üzrə işlər başa çatmaqdadır.

Bununla bərabər tikintisi davam edən keçid layihələri üzrə:

- müxtəlif növ barıtlar və partlayıcı maddələr – piroksilin və ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların tikintisi;
- artilleriya və tank toplarının başlıq partladıcıları üçün tikinti-quraşdırma işləri;
- 60, 82 və 120 mm-lik minaatanlar üçün döyüş sursatlarının hazırlanması ilə bağlı barıt atımlarının istehsalı sahələrinin də tikintisi üzrə işlər davam etdirilir".


Müəllif:
Загрузка...