24 İyun 2014 14:56

“Hər halda dövlət səviyyəsində nəsə keçirmək olardı”.

Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 76-cı il dönümü günü oğlu Ərturqut Əliyev Modernaz-a belə deyib. O, eks-prezidentin ildönümünün sönük keçməsini, ən azından keçmiş prezident kimi onun da doğum gününün dövlət səviyyəsində keçirilməsini istədiyini dilə gətirib. “Ən azından dövlət səviyyəsində nəsə etmək olardı. Heç olmasa Əbülfəz bəyin Azərbaycanın eks-prezidentlərindən birin olduğunu nəzərə alaydılar”, – deyə Ərturqut Əliyev bildirib.

Hər dəfə olduğu kimi, bu il də eyni şəxslərin Əbülfəz Elçibəyin qəbrini ziyarət etdiyini deyən mərhum prezidentin oğlu dövlət rəsmilərindən heç kimin Fəxri Xiyabana gəlmədiyindən üzüldüyünü dilə gətirib. “Həmişəki adamlar idi. Ailə üzvləri və partiya fəalları”.

Qeyd edək ki, eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 76-cı il dönümü münasibətlə müxalifətdə olan siyasi partiyaların üzvləri, eləcə də mərhum prezidentin ailə üzvləri Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Mərhum prezidentin həyat yoldaşı Həlimə Əliyeva, oğlu Ərturqut Əliyev və qızı Çilənay xanım da bu gün Fəxri Xiyabanda olublar.


Müəllif: