26 İyul 2016 18:12
1 895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi Nazirliyi Şirvan "Araz" zavodunda hadisə baş verən partlayışla bağlı növbəti açıqlama yayıb. Teleqraf.com xəbər verir ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.

Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hal-hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək.

***

Şirvan şəhərindəki “Araz” zavodunda baş verən partlayışdan sonra yaranan yanğının qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, hazırda hadisə yerində xilasedici tədbirləri görülür. Məlumata görə, hadisə zamanı yaralıların sayı 15 nəfərə çatıb.

Bildirilir ki, zavoda yaxın yaşayış evlərinə az miqdarda ziyan dəyib. Həmçinin qeyd olunur ki, yaxınlıqda yerləşən Şirvan Apelyasiya Məhkəməsinin də binasına ziyan dəyib.

Fövqəladə hallar nazirinin müavinləri, Faiq Tağızadə və Etibar Mirzəyev, həmçinin baş prokurorun 1-ci müavini Rüstəm Usubov və daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov hadisə yerindədirlər.

Şirvan şəhər polis şöbəsinin rəisi və şəhər prokurorda hadisə yerində müvafiq araşdırma aparırlar.

***

Şirvandakı partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, 26 iyul 2016-cı il tarixində saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib.

Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, zəruri tədbirlərin görülməsinə başlanılıb.


Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.
Əlavə məlumat veriləcək.

***

Müdafiə Sənayesi Nazirliyi baş verən partlayışla bağlı ilkin məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə 26 iyul 2016-cı il tarixində saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda hadisə baş verib.

Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.

Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən MSN-in Mətbuat xidməti ilə əlaqə saxlanılsın.

***

Şirvan şəhər Mərkəzi Xəstəxanasına 11 yaralı gətirilib.

Onlardan birinin vəziyyətinin ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə Bakıdan əlavə 5 təcili yardım briqadası Şirvana göndərilib. Onlardan 2-si artıq hadisə yerinə çatdığı bildirilir.

***

Şirvan şəhərində güclü partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış olub.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə 5 təcili yardım briqadası göndərilib.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerindədir.

Hacı Zeynalov


Müəllif: