1 İyul 2014 12:00

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ələ keçirdiyi və nəzarət etdiyi ərazilərdə "İslam xilafəti" yaratdığını rəsmən bəyan edib. Buna qədər İŞİD Suriya və İraq ərazisində döyüşlərə başlayıb. Vəhhabilərin yaratdığı İŞİD-in yaraqlıları bu ilin əvvəlindən etibarən İraqın şimalında hərbi əməliyyatlar keçirərək, bu ərazilərdəki bir sıra şəhər və qəsəbələri ələ keçirib.

Əsas hədəfi Yaxın Şərqin şiə şəhərlərini ələ keçirmək olan vəhhabi terrorçuların hazırkı məqsədi Bağdadı tutub İraq dövlətinin varlığına son qoymaqdır. İŞİD-in adına gəlincə isə, onlar təşkilatın adındakı "Şam" sözü altında Aralıq dənizi hövzəsinin şərqində yerləşən Suriya, Livan, İsrail, İordaniya, Fələstin, Misir, Türkiyə, Kipr kimi dövlətləri nəzərdə tuturlar. Bu ərazilər ərəb dilində "əş-Şəm" adlanır və vəhhabi terrorçuları "İslam xilafəti"ni məhz burada qurmağa can atırlar.

"Şiə məzhəbi ümumiyyətlə xilafəti qəbul etmir"

Məsələyə münasibət bildirən "Gileyli məscidi" dini icmasının rəhbəri Mirhəmid Məmmədov ilkin olaraq vurğulayıb ki, şiə məzhəbi ümumiyyətlə xilafəti qəbul etmir. Onun sözlərinə görə, tarixi mənbələrdə Peyğəmbərdən (s.ə.s) sonra xilafətə Raşidilər rəhbərlik edib: "Ondan sonra Əməvilər, Abbasilər və Osmanlılar xilafətin başında dayanıblar. Osmanlılardan sonra xilafət dağılıb. Şiə məzhəbində olan dindarlar heç zaman xiləfati rəsmi şəkildə qəbul etməyiblər və tanımırlar. Dünya artıq dəyişib və hər bir xalq öz müqəddəratını seçmək yolu ilə dövlət qurub. Ona görə də bu qondarma sözləri nə eşitmək istəyirik, nə tanıyır, nə də qəbul edirik".

M.Məmmədov qeyd edib ki, indiki halda müsəlmanların "İslam xilafəti" adı altında birləşməsi heç bir formada mümkün deyil: "Çünki müsəlman dünyası çox genişlənib və mədəniyyətlər, dünyagörüşlər müxtəlifdir. Bir qrup vəhşinin elan etdiyi "dövləti" heç kim qəbul etməz".

"Bu xilafətin də ömrü digərləri kimi uzun olmayacaq"

İlahiyyatçı Elşad Miri bildirib ki, xilafətin elan olunması yeni məsələ deyil. Onun sözlərinə görə, xəlifəlik Əməvilərin dövründə bir səltənətə çevrilib: "Bu Abbasilərin dövründə eyni şəkildə davam edib. Abbasilərdən sonra Osmanlılar Misirə getdikdən sonra onlar tərəfindən qəbul edilir və özlərini eyni zamanda xəlifə elan edirlər. Bu xəlifəlik Atatürkün dövründə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra rəsmən ləğv edilir. Bundan sonra günümüzə qədər müəyyən yerlərdə-Hindistanda, Almaniyada və indi isə İraqda xəlifəliyi elan ediblər. Elan edilən bu xəlifəliyin heç birinin ömrü uzun olmur. İŞİD bu gün dünyanın diqqətində terror təşkilatı və insanlara qarşı bir qurum kimi gündəmə gətirilir. Amma inanmıram ki, bunun da belə bir nəticəsi olsun. İslam adına onların bu hərəkətlərini müsbət qarşılamaq mümkün deyil. Ümumi şəkildə bir şeyi nəzərə almaq lazımdır ki, əvvəllər "Əl-Qaidə" bir terror təşkilatı kimi tanınırdısa, Üsəma bin-Laden onun rəhbəri kimi gündəmdə idi. Daha sonra Amerikanın keçirdiyi əməliyyat nəticəsində, bunun nə dərəcədə doğru olub olmadığını hələ demək mümkün deyil, Üsəma bin-Ladenin öldürüldüyü iddia edildi. Amma faktiki olaraq, məndə "sanki bir terror təşkilatı yaradıb və bu ölkələrdə sivil insanları qorumaq üçün ABŞ-ın oraya girmək" fikri formalaşıb. Ona görə də İŞİD-ə müəyyən qədər bəzi qeyri-rəsmi quruluşlardan dəstək verilir. Demək olar ki, burada başqa bir oyunun nəticəsini görürəm. Yəni, inanmıram ki, İŞİD-in bu gün xəlifəlik elan etməsi İslam dünyasının birləşməsi naminə atılan addım olsun. Əksinə, onlar məzhəb məsələsinin gündəmə gətirərək İslamın mahiyyətinə zidd olaraq, aman istəyən insanı öldürürlər. Bunu İslamla əlaqələndirmək doğru deyil, çünki İslam sözünün özü belə sülh və barış dini deməkdir. Hesab edirəm ki, bu xilafətin də ömrü digərləri kimi uzun olmayacaq".

"Xilafət vəhşi yolla elan edilmir"

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, xilafət vəhşi yolla elan edilmir. Onun sözlərinə görə, xilafətin müəyyən dərəcədə İslam prinsiplərinə əməl olunan bir modeli var:

"Bu da Peyğəmbər dövründə olub. Ondan sonra bunu süni surətdə xilafət adlandırılmasının heç bir əsası yoxdur. İŞİD-in hərəkətləri terrorçu fəaliyyətdir və ümumiyyətlə İslam adına, həqiqətən də, qorxu gətirən bir amildir. Çünki peyğəmbərimiz Mədinəyə daxil olarkən bir yəhudiyə və ya xristiana toxunmayıb və o, bu addımı ilə örnək göstərdi ki, İslamda vəhşilik, zorakılıq deyilən anlayış yoxdur. Amma İŞİD-in məzhəb və təriqət yanaşması tamamilə yanlışdır. Ona görə də bu xilafət sadəcə marginal bir dövlət hüdudları çərçivəsində elan oluna bilər. Lakin müsəlman dünyasına, xüsusən modern, texnologiyanın inkişaf etdiyi dünyada bu cür xilafət modelində birlik, demək olar ki, mümkünsüzdür. Hansı türk və yaxud malayziyalı və digərləri bu xilafətə birləşə bilər? Sadəcə, bir qrup ərəb icmasının, xüsusilə onlara düşüncə baxımdan yaxın olan ərəblərin modeli olaraq düşünülə bilər. Bu "xilafət" dar bir çərçivədə qalacaq və uğur qazanmayacaq bir modeldir və bunun effektli olmadığı yaxın zamanlarda görünəcək".

BƏXTİYAR


Müəllif: