1 İyul 2014 15:11
2 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb. Akademiya prezidenti Akif Əlizadənin mətbuata açıqlamasına görə, seçkilər istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uyğun və şəffaf aparılıb. Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib.

Namizədlər arasında dəqiq elm sahəsi üzrə öz namizədliyini irəli sürənlər çoxluq təşkil edir, elə seçilənlər də daha çox bu sahə üzrədir. Məsələn, fizika-riyaziyyat-tarix elmləri üzrə həqiqi üzvlüyə 5 fizika ixtisaslı, 5 mexanika 5, 8 kimya ixtisaslı alimlər öz namizədliyini irəli sürmüşdü.

Müxbir üzvlüyünə də namizədlər arasında 32 nəfər fizika üzrə, 22 nəfər riyaziyyat üzrə, 17 nəfər ədəbiyyat, 13 nəfər tarix üzrə 22 namizəd olub.

Fizika-riyaziyyat və texnika elmləri bölməsinə 6, kimya elmləri bölməsinə 5, yer elmləri bölməsinə 5, humanitar və ictimai elmlər bölməsinə 6, biologiya və tibb elmləri bölməsinə 1 alim seçilib. Qaydalar üzrə akademiyanın həqiqi üzvlüyünə seçilənlər, həm də akademik sayılır.

Müxbir üzvlüyünə isə fizika-riyaziyyat və texnika elmləri bölməsinə 12, kimya elmləri bölməsinə 6, yer elmləri bölməsinə 8, humanitar və ictimai elmlər bölməsinə 8, biologiya və tibb elmləri bölməsinə 8 namizəd seçilib.

AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynovun bildirdiyinə görə, seçkilər üzrə yerlərin tam dolub-dolmaması haqqında hələlik onlarda məlumat yoxdur. Bu haqda mətbuata əlavə məlumat veriləcək.

AMEA Fizika institutunun alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əsədov da müxbir üzvlüyünə öz namizədliyini irəli sürüb, lakin seçilməyib. İnstitutda "Quruluş və quruluş çevrilmələri" laboratoriyasının rəhbəri vəzifəsində çalışan Yusif Əsədovun bildirdiyinə görə, onun elmi əsərləri daha çox beynəlxalq sahədə tanınıb.

Beynəlxalq Kristalloqriflar Cəmiyyətinin, Nyu-York Elmlər Akademiyasının üzvüdür. 230 elmi məqalənin müəllifidir. Xaricdə nüfuzlu elmi nəşrlərdə dərc olunmuş elmi əsərlərinin sayı 100-dən çoxdur: “Xaricdə uğurlarım çoxdur, amma burada elm sahəsində mənə dəstək verəcək kimsəm yoxdur. Ona görə də təəccüblənmədim. Xaricdən fərqli olaraq bizdə daha çox elmdə adamı olanlar irəli gedir.

Almaniyadan keçən il bura bir nəfər gəlmişdi. Elm sahəsində hansı kadrları yetişdirib, elm ictimaiyyətinə məlum deyil, amma onu çağırıb burada akademik seçdilər. Mənim elmi kadrlarımın sayı isə məlumdur, 20 elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişəm. Və onlarla fəxr edirəm. Ona görə akademiyanın müxbir üzvü oldum, ya olmadım fərq etməz, mən elmi fəaliyyətimdəyəm”

İkinci dəfədir müxbir üzvlüyə namizədliyini irəli sürən alim dedi ki, seçilməməsi onun üçün önəmli deyil: “Kimin adamı var, nəzərə alınmadan yüksəklərə qalxa bilər, amma bu yol mənlik deyil. Digərləri üçün bürokratik əngəllər yenə davam edir. Mənə zamanında yüksək vəzifə təklif olunub, amma razılaşmamışam. Çünki bu sahədə arxan yoxdursa, apardığın mübarizə faydasız olar, elmi fəaliyyətin də batar. Akademiyanın müxbir üzvü oldum, ya olmadım fərq etməz, mən elmi fəaliyyətimdəyəm ”.

Sevil HİLALQIZI


Müəllif: