7 İyul 2014 14:59
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin yeni layihəsi üzərində işlər başa çatmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində bildirib.

İdarə rəisinin sözlərinə görə, həmin layihədə intizam həbsinə dair müddəalar nəzərdə tutulub, onların effektiv icrası üçün müvafiq mexanizmlər işlənib hazırlanıb.

Hərbi intizamın yüksək səviyyədə saxlanılması üçün təsirli intizam tədbilərindən danışan R.Kişiyev qeyd edib ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həbs yerləri sırasında hauptvaxtlar da öz yerini tutur: "Hərbçilərin intizam həbsinin konkret intizam xətalarına görə tətbiq edilməsi mexanizminin mövcudluğu birinci növbədə komandir və rəislərin səlahiyyət həddini aşmamaları üçün zəruridir. Elə bu səbəbdən bütün komandir və rəislərin intizam səlahiyyətlərinin dairəsi dəqiq təyin edilib, yol vermiş hüquqpozmalara görə məsuliyyətin qaçılmazlığı təsbit edilib".

Müdafiə Nazirlyinin İdarə rəisi hərbçilərin hüquqlarının pozulmasına ən çox gətirib çıxaran faktorları da açıqlayıb: "Hərbçilərin hüquqlarının pozulmasına gətirib çıxaran faktorlar özünü əsasən hərbi qulluqçular arasında baş verən qeyri-nizami münasibətlərdə göstərməkdədir. Bu da bildiyimiz kimi, son nəticədə hərbi intizamın pozulmasına və orduda cinayət və hadisələrin baş verməsinə gətirib çıxarır. Bəzi özbaşınalıq faktları da məlumdur ki, bu da birincilərə nisbətdə çox da geniş yayılmayıb".


Müəllif: