8 İyul 2014 13:52

Pakistanın Kəraçi şəhərindəki zooparka gedənlər "Mümtaz Bequm Afrika Vəli"ni görməmiş məkanı tərk etmirlər.

Tülkü bədənli, qadın başlı bu məxluqun söhbətləri və falçılığı hər gün minlərlə insanı zooparka cəlb edir.
Üz-gözü ənlik, kirşan və sürməli olan qadını uşaqlar da çox sevirlər.
Tülkü bədənli, qadın başlı məxluqun olduğu qəfəsin qarşısındakı pərdə çəkiləndə o, danışmağa başlayır: "Mənim adım Mümtaz Bequm Afrika Vəlidir. 35 il əvvəl Afrikada doğulmuşam. Kökə, şirniyyat, şirələr və meyvələrlə qidalanıram. Çox ağıllı və gözələm".
Bunları deyəndən sonra "Mümtaz Bequm" qəfəsin qarşısındakı insanların suallarına cavab verməyə başlayır.
Təbii ki, o, mifik varlıq yox, tülkü müqəvvasının yanında başını taxta masadakı dəlikdən çölə çıxarmış adamdır. Uzun illər boyu bu rolu müxtəlif kişilər oynayıblar.
Kəraçi zooparkının direktoru Məhəmməd Fəhim Xanın dediyinə görə, kişilər bu işin öhdəsindən daha yaxşı gəlirlər: "Bu qəfəsdə işləyən adamda aktyorluq məharəti olmalı və o, bir neçə xarici dildə danışmalıdır".
İndiki "Mümtaz Bequm" 33 yaşlı Murad Əlidir. O, 16 il əvvəl bu rolu atasından təhvil alıb.
Hər səhər makiyaj edən Murad gündə 12 saat bədəni tülkü, başı qadın olan "Mümtaz Bequm"a çevrilir.
/milli.az/

Müəllif: