8 İyul 2014 16:00
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söhbət Qəbələ rayonu İ.Abdulkərimov adına Nohurqışlaq kənd tam orta məktəbindən gedir. Məktəbimiz ibtidai məktəb kimi 1922-ci ildən fəaliyyətə başlayıb, 1937-ci ildən 7 illik, 1954-cü ildən isə orta məktəb kimi fəaliyyət göstərir.

2006-cı ildə məktəbimiz 480 şagird yerlik yeni binaya köçüb. Məktəbimizin açılışında möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Təntənəli açılışda biz müəllimlər hörmətli Prezidentimizə söz vermişdik ki, qısa vaxtda məktəbimiz respublikanın ən qabaqcıl məktəblərindən biri olacaq. Belə də oldu. Məktəbimiz 2010-2011-ci dərs ilinin yekunlarına görə cənab Prezidentin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi adına layiq görüldü. Keçən il məktəbimizi bitirən 44 məzundan 22 nəfəri respublikamızın ən nüfuzlu ali məktəblərinə daxil olub.

Bu il də nəticələrimiz ürəkaçandır. Belə ki, XI "a" sinif şagirdi Nərgiz Tahirli respublikada keçirilən fənn olimpiadalarında kimya fənni üzrə 2-ci yeri, X "b" sinif şagirdi Vüsalə Əzizli isə tarixdən III yeri tutmuşlar. Hər iki şagirdə diplom və qiymətli hədiyyələr verilmişdir. Nərgiz Tahirlinin olimpiadaya hazırlaşmasında əməkdar müəllim Əhməd Mirzalıyevin böyük əməyi olmuşdur. Məktəbimiz hər il göstəricilərinə görə rayonda ilk 3 yerdən birini tutur. 2013-2014-cü dərs ilində keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələri barədə Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun 16 may 2014-cü il tarixli əmrində də Qəbələ rayonu Nohurqışlaq kənd tam orta məktəbinin müsbət nəticələri xüsusi qeyd edilmişdir.

Bizcə, bu uğurlarımıza səbəb hər şeydən əvvəl bizə göstərilən dövlət qayğısından ruhlanan kollektivimizin daha səy və məsuliyyətlə çalışması, məktəbimizdə yaradılan yüksək təhsil mühiti (kitabxana, akt zalı, idman zalı, təzə müasir kimya laboratoriyası, geniş və səliqəli fənn kabinetləri), müəllimlərin tələbkarlığı, intizamı, şəxsi nümunəsi, valideyn-məktəb əlaqələrinin möhkəm olması, əlavə məşğələlərin müntəzəm keçirilməsi, məktəbin keçmiş məzunları, iş adamları ilə müntəzəm görüşlər keçirilməsi və s.-dir.

Məktəbimizdə şəxsi nümunəsi, əmək intizamı, savadı və bacarığı ilə eldə-obada böyük hörmətə və nüfuza malik müəllimlərimiz çoxdur. Bunlardan el ağsaqqalı, 22 il məktəbin direktoru işləmiş Firidun Mehdiyevi, 2 dəfə müəllimlər qurultayında nümayəndə kimi iştirak etmiş Fazil Atakişiyevi, təcrübəsi rayonda geniş yayılmış, dəfələrlə təhsil şöbəsi tərəfindən fəxri fərmanla təltif olunmuş Osman Mehdiyevi, eləcə də Firəngiz Mirzəyevanı, Xatun Allahverdiyevanı, Ramiz Ağayevi, Nigar Babayevanı, Mahrux Məmmədovanı, Mənzər İsayevanı, Dürdanə Kərimovanı və digərlərini göstərmək olar.

Biz bu uğurlarla arxayınlaşmır, gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün bütün qüvvəmizlə çalışırıq.

Yaqub TAHİROV,
Qəbələ rayonu İ.Abdulkərimov adına Nohurqışlaq kənd tam orta məktəbinin direktoru


Müəllif: