9 İyul 2014 15:27
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın səhiyyə sistemində, həqiqətən də, müəyyən qədər neqativ hallar var. Bütün bunların hamısı icbari tibbi sığortanın tətbiq edilməsi ilə bütövlükdə aradan qaldırılacaq".



Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Əhmədovun fikrincə, bu sahədə ən böyük islahat elə icbari tibbi sığortanın tətbiq edilməsi olacaq: "İcbari tibbi sığorta mahiyyət etibarilə səhiyyədə, səhiyyənin maliyyələşməsində, eyni zamanda, pasiyent-həkim münasibətlərində bütövlükdə yeni bir mexanizmin yaradılmasını nəzərdə tutur".

Onun sözlərinə görə, hazırda Azərbaycanda icbari tibbi sığortanın təbiqi ilə bağlı ciddi işlər, dəyərləndirmələr aparılır: "İcbari tibbi sığortaya keçid bir çox vacib sənədlərin hazırlanmasını, yeni mexanizmlərin formalaşmasını nəzərdə tutduğundan ciddi dəyərləndirmələr aparılır ki, həmin sənədlər, konsepsiya hazırlansın və gələcəkdə biz bu mərhələyə keçək. 2014-cü il icbari tibbi sığortaya keçid üzrə addımların atıldığı ciddi bir il olacaq".

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan dövləti, hökuməti Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sisteminə böyük sərmayələr qoyur. Səhiyyə sisteminin infrastrukturu ciddi şəkildə yenilənir: "Ölkədə 500-dən çox ən müasir tibb müəssisəsi yaradılıb, təmir edilib, ən müasir tibbi avadanlıqlar gətirilib. Bütün bunların nəticəsində Azərbaycanda insanlara tibbi xidmətin səviyyəsi ciddi şəkildə yaxşılaşıb. Bu proses bundan sonra da davam edəcək. İndi isə mərhələ islahatın yeni pilləsinə yüksəlməkdən ibarətdir. Bu, icbari tibbi sığortanın tətbiq edilməsi və bununla əlaqədar zəruri islahatların həyata keçirilməsidir".

Ə.Əhmədov Azərbaycan vətəndaşlarının müalicə olunmaları üçün xarici ölkələrə üz tutması və xaricdən Azərbaycana bəzi ixtisas sahibi olmayan həkimlərin gələrək burada fəaliyyət göstərməsi ilə bağlı məsələyə də münasibət bildirib: "Qeyd etdiyim islahatların məqsədlərindən biri də bundan ibarətdir. Həqiqətən, bizi narahat edən məqamlardan biri də odur ki, Azərbaycan vətəndaşlarının müəyyən hissəsi müalicə və müayinə məqsədi ilə digər ölkələrə gedirlər. Məqsədimiz ondan ibarətdir ki, bu cür gedişləri minimuma endirək. Bundan əlavə, təbii ki, Azərbaycanda başqa ölkələrdən gələn və peşəkarlıq səviyyəsi o qədər də aydın olmayan həkimlərin fəaliyyət göstərməsi ciddi diqqət mərkəzində olmalıdır. Bu cür həkimlərin fəaliyyəti nəticəsində müəyyən fəsadlar ortaya çıxır. Güman edirəm ki, islahatlar nəticəsində bu halların aradan qaldırılması da mümkün olacaq. Məqsədimiz ondan ibarətdir ki, insanlara göstərilən tibbi xidmət yaxşılaşsın, keyfiyyəti artsın, Azərbaycan vətəndaşlarının Azəbaycan səhiyyəsinə və həkimlərinə inamı və etibarı yüksəlsin, eləcə də xaricə gedənlərin sayı azalsın. Güman edirəm ki, biz buna nail olacağıq. Bu istiqamətdə ciddi işlər aparılır".


Müəllif: