10 İyul 2014 15:46
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniyanın qələbəsini həyəcanla gözləyəcəyəm”

Gənc fəal, Müsbət Dəyişikliklər Hərəkatının təsisçisi Bəxtiyar Hacıyev Braziliyada keçirilən mundiala azərbaycanlıların maraq göstərməsindən danışıb.

Braziliyada keçirilən DÇ-2014 azərbaycanlı siyasətçilərdən tutmuş evdar qadınlaradək əksəriyyətin diqqət mərkəzindədir. Türkiyənin çempionata düşə bilməməsindən dolayı bizim azarkeşlərin hərəsinin öz favorit komandası var. Azərbaycanlılar isə daha çox Avropa komandalarına tərəfkeşlik edir.

B.Hacıyev teleqraf.com-a dünya çempionatı fonunda azərbaycanlıların Avropaya baxışını şərh edib.
Gənc fəal dünya çempionatına xüsusi azarkeşlik etməsə də, Almaniya komandasını dəstəkləyir:

“Bu çempionatda bir çox oyunda komandalar gözəl, baxımlı oyun əvəzinə praqmatik oyun nümayiş etdirdilər və çox az oyun yadda qalan oldu. Onlardan biri isə yarımfinalda Almaniya-Braziliya oyunu idi. O tarixi oyunu həm izləmək, həm də sosial şəbəkə istifadəçilərinin oyunla bağlı hazırladıqları yaradıcı fotoları, yazdıqları statusları izləmək xüsusi zövq verdi. Arzu edərdim ki, çempionatda bir çox oyunu belə əhvalda və bu maraqla izləyək”.

O, dünya çempionatı oyunlarını sıravi bir vətəndaş kimi izlədiyini söylədi:

“Hansısa komandanın keçmiş oyunlarını araşdırmır, bir komandanın məğlubiyyətinə uzun müddət məyus olmuram. Amma oyunları izləməkdən zövq alıram və finalda Almaniyanın qələbəsini xüsusi maraq və həyəcanla gözləyəcəyəm”.

B.Hacıyevin sözlərinə görə, Avropa komandalarının uğuru avrointeqrasiya tərəfdarı kimi onu çox sevindirir: “Məsələn, Rusiyanın çempionatı erkən tərk etməsinə, Rusiyanın uğursuzluğuna sosial şəbəkələrdə həmvətənlərimizin çox sevinməsi mənim üçün gözlənilməz idi. Hər nə qədər “futbol ilə siyasət qarışdırılmamalıdır” deyilsə də, bir çox vətəndaşımızın futbol oyunlarına reaksiyası, dəstəklədikləri komanda, uğursuzluqlarına sevindikləri komandalara baxanda görürük ki, onlar sadəcə futbol oyununu yox, həm də təhsil aldıqları, yaşadıqları, Azərbaycanın gələcəyini birlikdə görmək istədikləri ölkələrin komandalarını dəstəkləyirlər”.

Nərgiz


Müəllif: