11 İyul 2014 12:27

Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli ADP sədri Sərdar Cəlaloğlunun debat təklifindən imtina edib.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin onu Facebook-da ələ salmasına qəzəblənib və debata çağırıb.

ADP sədri Teleqraf.com-a bildirib ki, V.Hacıbəyli məqaləsini oxumadan onu məsxərəyə qoyub. Ona görə də onunla debatda açıq müzakirə aparıb fikirlərini sübut etməyə hazırdır: “Vaqif Hacıbəyli ilə danışın. Onunla vaxt təyin edin, elə redaksiyanızda debata gələk. Vaqif Hacıbəyli özünü savadlı sayırsa, cəsarəti varsa, mənimlə debata gəlsin, kişi kimi üz-üzə müzakirə edək, kimin haqlı, kimin haqsız olduğunu sübut edək. Vaqif Hacıbəyli eşidib ki, Quranla bağlı nəsə yazıram, onun siyasi qısqanclığı məni söydürür. Yoxsa, mən Facebook-a girmirəm. Orada biri məni söyür, biri təhqir edir. Bu, bilirsiz, nədir? Tülkünün qorxaq kimi daldan danışmasından başqa bir şey deyil. Gəl, mənim üzümə sübut et ki, mən yalan danışıram. Məni təhqir etmək, Facebook-da alçaltmaq mənə təsir eləmir. Amma həqiqəti bilmək istəyirlərsə, onları açıq-aşkar debata çağırıram”.

V.Hacıbəyli isə saytımıza açıqlamasında S.Cəlaloğlunun barəsində dediklərini və debata çağırmasını şərh etmək istəmədi. O, Facebook səhifəsindəki statusunda isə yazıb: “Aristoteli, Platonu belə üstələyib mütləq həqiqətlərin dərk eilməsinə imkan verən sistemin müəllifi, teologiyada inqilab edən “nepriznannıy qeniy” mənimlə bu mövzularda açıq dialoqa hazır olduğunu bildirib. Yaxşı ki, boyun qaçırdım, yoxsa rəzil olacaqdım. Bunun qabağına çıxmaqmı olar?”

Nərgiz


Müəllif: