14 Aprel 2017 20:28
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikalı əlifbaya keçməklə bağlı sərəncam imzalayıb. Sərəncam Qazaxıstanın “Egemen Kazaxıstan” dövlət qəzetində dərc olunub. Sənədə əsasən, 2017-ci ilin sonuna kimi latın qrafikalı vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır. Prezident əlavə edib ki, 2018-ci ildən başlayaraq, ölkədə yeni əlifbanın öyrənilməsi üzrə mütəxəssislər və dərsliklər hazırlanmalıdır.

Məsələni şərh edən politoloq Rasim Ağayev bildirib ki, nəzəri götürdükdə belə bir sərəncamın imzalanması qloballaşma prosesinə uyğun gəlir: “Latın qrafikalı əlifba Avropa əlifbasının əsasıdır. Bütün dünyada yayılmış əlifbadır. Nəzəri cəhətdən Qazaxıstanın belə bir addım atması yaxşıdır. Ancaq ümumiyyətlə, buna bir proses kimi yanaşdıqda iki məsələ ortaya çıxır. Birincisi, indi bu məsələ ilə məşğul olmaq kimə və nəyə lazımdır? İkincisi, bu addımın atılmasının faydası nədən ibarət olacaq? Əgər burda bir qrup insana aid məsələdən söhbət gedirsə, bunu başa düşmək olar. Ancaq məsələ ondadır ki, bu, ümumdövlət əhəmiyyətli, tarixi, ciddi bir məsələdir. Faktiki olaraq xalqın tarixində mədəni, eyni zamanda geosiyasi dönüş nöqtəsidir. Yeni qrafikalı əlifbaya keçməyin Qazaxıstana və sadə qazaxlara nə faydası olacaq? Mən bunu başa düşmürəm. Əslinə qalsa krill qrafikalı əlifba da Avropa əlifbasının əsasında qurulub. Həm krill qrafikalı, həm də latın qrafikalı əlifba qazaxların deyil. Latın qrafikalı əlifbanı xilafəti ləğv edən, ərəblərin təsirindən qurtulmaq istəyən Atatürk tətbiq edib. O, bununla ərəblərlə birdəfəlik qurtarmaq istəyib. XIII-XX əsrlərdə Osmanlı dövlətində ərəb əlifbasının farsca və türkcə üçün uyğunlaşdırılmış bir biçimi istifadə olunub. O zaman Atatürkün bu addımı atması üçün əsasları var idi. Bunu başa düşmək olar. Ümumiyyətlə isə, türk xalqlarının yaratdıqları əlifba qədim türk yazılı abidələri – Orxon-Yenisey abidələrinin yazılmasında istifadə olunan hərflərdir”.

R.Ağayev qeyd edib ki, qazaxlar bununla sanki Avropaya daha yaxın olurlar: “Ancaq bu yaxınlığın nədən ibarət olacağını da başa düşmürəm. Eyni zamanda Qazaxıstan əhalisinin təxminən yarısı rusdur, rusdilli əhali isə ölkə əhalisinin yarıdan çoxunu təşkil edir. Qazaxıstanın tarixi qədim dövrdən başlamayıb. Onların tarixləri ərəb, fars və Orxon-Yenisey abidələrinin yazılmasında istifadə olunan əlifbada yazılıb. Faktiki olaraq qazaxların yeni yazılı tarixi XIX-XX əsrdən başlayıb. Həmin dövrdən indiyədək bütün materiallar hamısı krill qrafikalı əlifba ilə yazılıb. Bunları dəyişməyin nə mənası var? Söhbət bundan gedir”.

Bununla belə, politoloq bildirib ki, latın qrafikalı əlifbaya keçməklə Avropaya doğru körpü yaranır: “Ancaq bu Qazaxıstanın mədəniyyətinə, inkişafına ciddi təkan versə və bunun nəticəsində Qazaxıstan Avropa ilə yaxınlaşsa, yeni qrafikalı əlifbaya keçməyi təqdir etmək olar. Əgər latın qrafikalı əlifba qazaxların əvvəllər işlətdiyi əlifba olsaydı və indi ona qayıtsaydılar bunu başa düşmək olardı. Ancaq bu, əksinə Qazaxıstanı necə deyərlər, yoldan çıxaracaq. Qazaxıstanın, Qırğızıstanın qarşısında elə ciddi məsələlər var ki… Onları həll etmək əvəzinə, əlifba dəyişikliyi məsələsinə girişiblər. İndi bu ziddiyyəti yaratmaq kimə lazımdır? Qazaxıstanın bütün yazıçıları əsərlərini faktiki olaraq rusca yazıblar. Qəribədir, Oljas Süleymenovun bütün əsərlərini ruscadır, amma indi rusların əleyhinə çıxış edir. Sən bütün varlığınla ruslarla bağlısan axı… Son 100 ildə Qazaxıstanın bütün arxivi, tarixi krill qrafikalı əlifba ilə yazılıb. Bundan öncə – orta əsrlərdə isə ərəb dilində yazılıb. İndi latın qrafikalı əlifbasına keçiləcək. Krill qrafikasını isə gələcək nəsillər gərək yenidən öyrənsilər. Yəni, çətinlik yaranacaq. Burda belə incə məqamlar var. Ona görə, mənə elə gəlir ki, Nazarbayev bu addımı millətçilərin təsiri altında atıb”.

Politoloq onu da bildirib ki, Qazaxıstan Avrasiyanın Rusiya kimi mühüm ölkələrindən biridir: “Qazaxıstan Avrasiyanın qüdrətli, güclü dövlətlərindən biridir. Gərək onlar öz potensiallarını gücləndirsinlər və mədəni sərhədləri nəzərə alsınlar. Deməli, Qazaxıstan bununla Avrasiyada yeni bir əlifba səddi yaradır. Belə bir rəy yaranır ki, bu, ümumavropa prosesinə qoşulmaqdır, ümumavropa xətti ilə getməkdir və sair".

Səxavət HƏMİD


Müəllif: