14 İyul 2014 18:06
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin oğlu İslam Abıyevin 9-cu mərtəbədən yıxılması ilə bağlı yayılan xəbərdən sonra ölkə mediasında bununla bağlı onlarla xəbər yayılıb.

Axar.az-ın əməkdaşının suallarını cavablandıran İslam Abıyev yazılanların hamısını yalan adlandırıb:

- 9-cu mərtəbədən yıxılmağınızla bağlı xəbərləri yəqin oxumusunuz. Hətta intihar etdiyinizi də yazırdılar. Bu barədə nə deyə bilərsiniz?

- Deməyə söz tapmıram. Hər gün idmanla məşğul olan adamam. Niyə intihar edim ki? Çox maraqlı gəldi özümə də, görəsən niyə belə yazırlar? Bilmək istəyirsinizsə, hazırda Zuğulbada hökumət bağında üzgüçülüklə məşğulam. Yarışlara hazırlaşıram. Lazım olsa, sizi də idmanla məşğul olduğum yerə dəvət edərəm, zamanınız olsa, buyurub baxa bilərsiniz. Bədənimdə 1 dənə də olsun yara izi yoxdur. Yazılanların da hamısı boş söhbətlərdir.

- İdmanla professional olaraq məşğulsunuz?

- Hə, əlbəttə! Üzgüçülük, kikboksinq, şahmat mənim sevimli idman məşğuliyyətlərimdir. Əvvəl şahmata həvəsim yarandı. Daha sonra fiziki idman növləri ilə də maraqlanmağa başladım. Bu marağın bir səbəbi də atamın bir zamanlar boksla məşğul olması idi. Atam tələbəlik illərindən boksla məşğul olub deyə, bu maraq mənə də keçib. Atamın məşğul olduğunu görəndə məndə də boksa həvəs yarandı. Üzgüçülüklə də maraqlanıram. O da məşğul olduğum idman növlərindəndir. Bakıda tanınan nə qədər peşəkar üzgüçülük yerləri varsa, hamısında üzmüşəm və dərəcəm var. Zuğulbada üzmək mənə daha xoşdur. Bəziləri qorxurdu ki, mən çox uzağa üzürəm, amma sonra öyrəşdilər. Üzgüçülük məşğuliyyətimi dəyərli insanlarla bir yerdə etmişəm. Arif müəllim Rəhimzadə, rəhmətlik Sirus Təbrizli ilə çox üzürdük. Üzgüçülüklə məşğul olmaq insanı olduqca rahatlaşdırır. Hər kəsə məsləhət görürəm ki, üzgüçülüklə məşğul olsun. Bu sahədə nailiyyətlər əldə etməyim mənim üçün qürurvericidir.

- Əminiz Abı Abıyev, deyəsən, Türkiyədə müalicə olunurdu, atanızın da ona görə qardaş ölkəyə getdiyi bildirilirdi. Əminiz necədir?

- Əmimin ürək damarında bir az problem var idi. Əməliyyat etdilər, stend qoydular, hazırda vəziyyəti normaldır. Heç bir problemi də yoxdur. Sağalandan sonra qurban kəsdik, şükür Allaha, hər şey yaxşıdır və hazırda işinin başındadır.

- Bildiyimiz qədərincə, bu il məzun olmusunuz...

- Bəli, orta məktəbi bu il qırmızı attestat və fərqlənmə ilə bitirmişəm. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmaq üçün 3-cü qrupa sənəd vermişəm. Sınaq imtahanlarından topladığım orta bal 400-450 arası olurdu. Seçdiyim ixtisası qazanmağa çalışacam. İnşallah, yaxşı olar.

- Atan bir rayonun başçısıdır. Sənin idman sahəsində məşğuliyyətin barəsində nə düşünür?

- Atam həm də Kikboksinq Federasiyasının vitse-prezidentidir. İdmanla məşğul olmağım onun üçün daha xoşdur. Fedarasiyada da idmanla məşğul oluram. Ayın 27-də Qazaxıstanda yarışa gedəcəm. İdmanla maraqlanmağım atama olduqca xoş təsir edir. Hərdən mənə zarafatla “Rembo” deyir. Atamla ata-oğul münasibətindən daha çox, dost münasibətimiz var.

- Bəs bu dostunuza hansısa dostunuzu tapşırmısınız?

- Dostlarım çoxdur - idman sahəsindən, yaşadığımız yerdən, qohumların arasından çoxlu dostlarım var. Onların hər hansı bir xeyir işlərinə atam sevə-sevə yardım göstərir. Ancaq siz deyən mənada tapşırmaq olmayıb. Çünki atam mənə qadağa qoyub. Mənə deyib ki, sən bu işlərə qarışma. Başa düşürəm ki, dostluğu işə qatmaq olmaz. Hamı qanun qarşısında bərabərdir. Ancaq toya, xeyir-şərə atam hər zaman kömək olur.

/axar.az/


Müəllif: