16 İyul 2014 11:43
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbyacan Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri Seyran Ohanyanın çıxışına münasibət bildirib.



Ermənistan Respublikasının kütləvi informasiya vasitələri ölkəsinin Müdafiə naziri Seyran Ohanyanın çıxışına istinadən iddia edirlər ki, guya Azərbaycan ordusu kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirir.

Teleqraf.com xəbər verir ki, Müdafiə Nazirliyi səsləndirilən bu fikirlərin heç bir əsası olmadığını bildirib. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

Azərbaycan Respublikasına təcavüz aktı etmiş, vətəndaşlarına qarşı divan tutulması siyasətini yürüdən, Xocalı soyqırımının törədilməsində iştirak edən Ermənistan Respublikasının cinayətkar rəhbərliyi, o cümlədən Seyran Ohanyan yaxın vaxtlarda ədalət məhkəməsi qarşısına çıxarılacaq və onların əməllərinə beynəlxalq hüquqi-siyasi qiymət veriləcək.

Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir.


Müəllif: