16 İyul 2014 12:25
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda Zığ gölünün təmizlənməsi işlərinə başlanacaq

“Bakının ətrafında çirklənmiş göllər bu gün bir ekoloji fəlakət mənbəyidir, şəhərimizi zəhərləyir”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında Bakının ətrafında çirklənmiş göllərin yaxşılaşdırılması istiqamətində yenidən tapşırıqlarını verdi. Dövlət başçısı bildirdi ki, bu gölləri təmizlənməli, gözəl ekoloji layihəyə çevirilməli və şəhərin ekologiyasına çox müsbət təsir göstərməlidir.

Təsadüfi deyil ki, Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur və bu göllərə il ərzində 41,5 mln. m3 çirkab sular axıdılır. Bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, daha çox çirklənməyə məruz qalmış göllər - Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən və Çuxurdərə gölləridir.

Böyük Şor Abşeron yarımadasının ən böyük gölü olmaqla Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşir. İlk dövrlərində göl, əsasən, yeraltı sularla qidalanırdısa, hazırda bura çoxsaylı çirkab axınları mövcuddur. Su səthi 1300 ha, uzunluğu 10 km, eni-1,5-2,0 km, dərinliyi 4-8 m olan bu gölə axıdılan çirkab suların gündəlik həcmi- 15,2 min m3 təşkil edir. Bu günə qədər gölün qurudulmuş ərazisi - 15 ha qədərdir.

Yaşayış massivlərində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət tullantı sularının gölə və ətraf ərazilərə axıdılması ekoloji vəziyyəti daha da kəskinləşdirir.

Lakin prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında Abşeron yarımadasının 9 gölünün (Xocahəsən, Böyükşor, Binəqədi qəsəbə İdman Kompleksinin qarşısındakı göl, Qırmızı, Puta (Lökbatan), Qu, Zabrat, Bülbülə, Zığ gölləri) ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Ekspertlər hesab edirlər ki, 9 gölün ekoloji vəziyyəti yaxşılaşdırılaraq sakinlərin istirahət mərkəzlərindən birinə çevriləcək, digər göllərin isə qurudulması nəzərdə tutulur. Bunun isə həm müsbət, həm də mənfi tərəfləri var.

“Bakı ətrafı göllərin park halına salınması və onların bərpa olunması sərfəlidir. Göllərin qurudulması isə yarımadada səhrəlaşmaya şərait yaradır. Bunun nəticəsində isə yaşıllıq azalır, oksigen çatışmazlığına səbəb olur”, - deyə ekoloq Telman Zeynalov bildirdi.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin mətbuat katibi isə bildirdi ki, hazırda Böyük Şor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər gedir. Zığ gölünün çirkab sulardan təmizlənməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlərə isə yaxın gələcəkdə start veriləcək. Digər göllərin qurudulması isə nəzərdə tutulmayıb. Həmin göllərin aqibəti ilə bağlı hələ ki, qərar verilməyib.

“Böyükşor gölünün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün şimal hissəsinin neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulur. Bununla da, neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaq. Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ isə 2015-2020-ci illəri əhatə edəcək”, - deyə mətbuat xidmətindən bildirildi.

/milli.az/


Müəllif: