16 İyul 2014 13:43
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev iyulun 16-da Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov görülən işlər barədə prezidentə məlumat verib.

Qeyd edilib ki, stansiyada təlim məntəqəsi fəaliyyət göstərir. Məntəqədə bu ixtisas üzrə təhsil alan tələbələr, həmçinin bu sahənin mütəxəssisləri üçün müxtəlif təlim kurslarının keçirilməsi nəzərdə tutulur. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. Bu isə stansiyasının daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açacaq.

İnşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır. Bu müddət ərzində stansiyanın müəyyən qurğuları və onun müxtəlif rejimlərdə, o cümlədən qəza rejimində fəaliyyəti yoxlanılıb.

Dövlət başçısı stansiyasının idarəetmə mərkəzində olub.

Mərkəzdən Qobustan Hibrid Elektrik Stansiyası, Suraxanı Günəş Elektrik Stansiyası, Biləsuvar qaçqın şəhərciyi, Masallı İdman Kompleksi, həmçinin Bakı şəhərində 5 məktəb və 2 poliklinikanın üzərində quraşdırılan günəş panellərinin fəaliyyətinə nəzarət etmək mümkündür. Yaxın gələcəkdə Sumqayıt, Samux, Səngəçal və Pirallahıda günəş elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur. Mövcud stansiyaların fəaliyyəti nəticəsində 4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub, 1 milyon 300 min kubmetrə yaxın təbii qaza qənaət edilib.

Prezident İ. Əliyevə Suraxanı Günəş Elektrik Stansiyasının göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.

Sonra dövlət başçısına Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin səyyar laboratoriyasının fəaliyyəti barədə məlumat verilib.

Bu laboratoriya alternativ və bərpa olunan enerji mənbələrinin potensialını müəyyənləşdirmək üçün yaradılıb. Laboratoriya ən müasir və xüsusi avadanlıq, həmçinin avtonom enerji mənbəyi ilə təchiz olunub. Respublikanın müxtəlif yerlərinə aparılan laboratoriyanın köməyi ilə həmin ərazidə günəş, su, külək elektrik stansiyasının quraşdırılmasının səmərəliliyi yoxlanılır. Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları xüsusi əhəmiyyətə malikdir. Günəş panelləri ilə təchiz olunan bu avadanlıq əvəzsiz qurğudur. Avadanlıq günəşdən enerji alaraq onu saxlamaq imkanına malikdir. Agentlik hidrogen generatoru da istehsal edir. Bu qurğu ilə yüksək temperatur əldə etmək və qaz-qaynaq işləri aparmaq olur. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Bu cihaz qaynaq işləri zamanı 3500 selsi temperaturla işləyir.

Prezident İ. Əliyev 2020-ci ilədək Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinə baxıb. 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub.

Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2015-ci ilədək inkişaf layihələri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, respublikanın müxtəlif bölgələrində ümumi qoyuluş gücü 300 meqavat olan elektrik stansiyalarının inşası nəzərdə tutulub.

Buzovna Eko-kənd layihəsi də mühüm əhəmiyyət kəsb edir. Layihənin reallaşması nəticəsində ərazinin elektrik enerjisi ilə təchizatı günəş panelləri hesabına təmin ediləcək. Bu isə elektrik enerjisinin istehsalı zamanı heç bir ekoloji problem yaratmayacaq. “Qobustan 2020” layihəsini isə pilot layihə hesab etmək olar. Layihə “Ağıllı şəbəkə” adlanan sistem vasitəsi ilə reallaşacaq. “Ağıllı şəbəkə” enerji itkisini azaltmaqla yanaşı, həm də istehlakçıya daha keyfiyyətli elektrik enerjisi ötürməyə imkan verəcək. Bu sistem Qobustanda hansısa bir ərazidə qəza baş verərsə, bütün rayonun deyil, məhz həmin ərazinin elektrik enerjisi ilə təchizatını dayandıracaq. Layihənin həyata keçməsi ilə Qobustan rayonu üzrə 212 kilometr elektrik ötürücü xətlərinin qənaətinə imkan yaradılacaq və 94 komplekt transformator məntəqəsi ixtisara düşəcək. Layihə həm də müxtəlif ölçülü 11 su anbarının yaradılmasını nəzərdə tutur. Qobustanda günəş elektrik stansiyaları hesabına boru su kəmərləri vasitəsilə suvarılan torpaqların sahəsini 5 min hektardan 50 min hektara çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində burada bir sıra iqtisadi, kənd təsərrüfatı və sənaye obyektlərinin inşası planlaşdırılır.

Prezident İ. Əliyevə yolların və yaşayış binalarının işıqlandırılması ilə bağlı avtomatik idarəetmə sistemi barədə məlumat verilib. Bu sistemi reallaşdırmaqda məqsəd günün saatından asılı olaraq yolların və yaşayış binalarının müxtəlif rejimlərdə işıqlandırılmasıdır. Belə ki, sistem yolları avtomobillərin intensivliyinə görə də işıqlandıra bilir. Bunun hesabına isə həm elektrik enerjisinə qənaət olunur, həm də yol istismar xərcləri aşağı düşür. Sistemin özəlliyi ondan ibarətdir ki, onun bütün intellektual proqramları Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində hazırlanıb.

Görülən işlərlə tanış olan dövlət başçısı müvafiq tapşırıq və göstərişlərini verib.

/trend/


Müəllif: