16 İyul 2014 14:08
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun tibb işçilərinin üzərində milli bayraq olan uniformalarla işə gəlməsinə qadağa qoyduğu barədə məlumatlar var.

Bu barədə blogger Mehman Hüseynov sosial şəbəkədə məlumat paylaşıb. Baş həkim işçilərə bildirib ki, üzərində bayraq olmayan uniformalar satılan xüsusi mağaza var, geyimi ordan almalıdırlar. Əks təqdirdə onlar işə buraxılmıyacaqlar.

Məsələ ilə bağlı stansiyanın baş həkimi Mürsəl Həmidov bildirib ki, Səhiyyə Nazirliyinin 15.01.2009- cu il tarixli 3 nömrəli əmri var: “Həmin əmrdə Təcili Tibbi Yardım Stansiyanın tibb işçilərinin geyimi barədə təsdiqlənmiş normalar var. Həmin əmrdə geyimin üzərində bayraq olmasıni bildirən şərt yoxdur. Yay fəsli üçün nəzərdə tutulmuş geyim forması göy rəngdə papaqdan, göy rəngli şalvardan, ağ rəngli köynəkdən ibarətdir. Geyimlərin şəkilləri də əmrdə göstərilib. Onların üzərində bayraq emblemi yoxdur. Mən geyim sifarişlərini ilin əvvəlində Səhiyyə Nazirliyinin İnnovasiya Təchizat İdarəsinə verirəm. Həmin geyimlər tibb işçilərinə pulsuz paylanılır. İndi mən əmrdən kənar necə icazə verə bilərəm ki, işçilər o bayraqlı geyimlə işə gəlsin?”.

Baş həkim əlavə edib ki, təcili yardım xidməti elə bir xidmətdir ki, küçədə, mənzildə, ofisdə də xəstələrə yardım edilir: “Ola bilər ki, işçinin hər hansı bir səbəbdən paltarı çirklənsin. Verilən formanı işçilər tez sıradan çıxarırlar. Yaxud da ki yuyulandan sonra paltar korlanır və işçinin xoşuna gəlmir. Bu səbəbdən də onlar gedib hardasa paltar sifariş edib tikdirirlər. Bəzən olur ki, formadan kənara çıxırlar. Keçən həftənin beşinci günü problemlərlə bağlı bir nömrəli stansiyada yığışmışdıq. Müzakirə zamanı üç nəfərin köynəyinin üzərində bayraq emblemi gördüm. Bildirdim ki, bu forma nazirliyin əmrində göstərilməyib. Həm də köynəyin qolu kəsilib. Əmrdə olmadığına görə icazə verə bilmərəm. Mən yumşaq şəkildə onlara irad tutmuşam, əmrdən kənara çıxmamalarını bildirmişəm. Dememişəm ki, kimisə işə buraxmıram. Bu mümkün deyil. Təcili yardmda işçilər var ki səhvə yol verir, xəstələrlə kobud rəftar edir, onlardan bizə şikayət daxil olur. Qanunvericilikdə də onlar haqqında inzibati tədbir görülür. 2500 adamdır, istər-istəməz inciklik olur. İndi inciyən adamlar da çalışır ki, həmişə baş həkimdən, stansiya müdirindən əks məlumat ötürsün. Mən bu məsələnin səbəbini ancaq bunda görürəm”.

/qafqazinfo/


Müəllif: