16 İyul 2014 18:42
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Dövlət Universitetinin tələbələrindən Vəliyev Fərid Azay oğlu, Lətifzadə Şünasi Rafiq oğlu, Səfərova Günay Fəqət qızı və başqaları Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatına müraciət ediblər.

Onlar yazdıqları müraciətdə ictimai-siyasi, sosial fəallığını genişləndirmək üçün bir çox kurslarda, təlim və seminarlarda iştirak etdiklərini, təcrübəsizlikdən sonradan həmin tədbirlərin müxalifyönümlü insanlara aid olduğunu, qərəzli məqsədlərdən qaynaqlandığını, gənclərin doğru olmayan istiqamətə yönəldilmələrini etiraf ediblər.

Gənclər həmçinin bildirirlər ki, həmin təşkilatlar, kurslar onların ideya və prinsiplərinə qətiyyən uyğun deyil və ola da bilməz. Bundan sonra Yeni Azərbaycan Partiyasının sıralarında fəal mövqe tutmağı, əqidə və amalları, yüksək fəallıqları, qüvvə və bacarıqları ilə Azərbaycanın irəliyə getməsinə öz töhfələrini vermək, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmək arzusunda olduqlarını bəyan edirlər.

Səfərova Günay Fəqət qızı, Lətifzadə Şünasi Rafiq oğlu və Vəliyev Fərid Azay oğlu tərəfindən Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatına ünvanlanan müraciətin mətnini Sizə olduğu kimi təqdim edirik.

“Mən Səfərova Günay Fəqət qızı ali təhsil aldığım müddətdə ictimai-sosial işlərdəki aktivliyimi də davam etdirmək və xarici dil biliklərimi artırmaq istəyirdim. Bu zaman gəncliyim və təcrübəsizliyimdən dolayı bilmədən müxalifyönlü insanlar tərəfindən onlara aid təşkilat və kurslara yönləndirildim.

Qeyd etməliyəm ki, istər aldığım təhsil, istər ictimai-sosial fəaliyyətimdə yeganə və ən ali məqsədim Azərbaycan xalqına və dövlətinə layiqli xidmət etmək olmuşdur. Lakin bilmədən yönəldildiyim mövqelərlə əslində eyni məqsədə xidmət etmədiyimi anladım və həmin andan etibarən daha düzgün yol seçməyə qərara verdim.

Bu həqiqətləri görməkdə təhsil aldığım müəssisənin rəhbərliyi və dövlətçiliyə sədaqətli insanların mənimlə apardıqları söhbətlərin rolu böyük olmuşdur. Sevinirəm ki, həmin insanlar zamanında mənə doğru yolu və öz köməkliklərini göstərdilər.

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti hər zaman dəstəkləmişəm və bu gün də dəstəkləyirəm. Heç bir zaman hər hansı partiyanın, təşkilatın və qurumun üzvü olmamışam. Heç bir qüvvə də məni buna təhrik edə bilməz. Eləcə də bildirirəm ki, könüllü olaraq Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət etmişəm. Hər zaman olduğu kimi Azərbaycan dövlətçiliyini və ulu öndər siyasətini dəstəkləyirəm”.

/qafqazinfo/


Müəllif: