23 İyun 2017 14:07
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son müsahibəmdə Əbülfəz Elçibəylə bağlı dediklərim, onun mənə verdiyi qeydləri İsraildə yaşayan həyat yoldaşıma çatdırdığım haqda fikirlərimdən sonra çox adam mənə zəng edir, bu haqda soruşur. Ancaq mən fikirlərimi müsahibədə demişəm, ondan artığını deyə bilmərəm.

Bunu Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi əlavə edib ki, Əbülfəz Elçibəyin ailə üzvləri bununla bağlı onunla əlaqə saxlayıb və hər hansı bir fikir deməyib: “Əbülfəz bəyin ailə üzvləri bütün bunları bilir. Çünki əvvəldən bu haqda onlara demişdim”.

N. Cəfəroğlu əlavə edib ki, əslində Əbülfəz Elçibəyin ona verdiyi qeydlərdə nələrin yazıldığından bixəbərdir: “Mən o qeydləri oxumamışam. Sadəcə Əbülfəz bəy mənə yazılar verib, mən də onu yoldaşıma çatdırmışam”.

Müsahibimiz qeyd edib ki, Elçibəyin ona verdiyi yazıların nə vaxt çap ediləcəyi haqda konkret bir söz deyə bilməz: “Mən bu haqda yoldaşımdan soruşanda deyir ki, Əbülfəz Elçibəy nə vaxt deyibsə, o vaxt bu sənədlər üzə çıxacaq. Məsələ bununla da bağlanır”.

Novella Cəfəroğlu sözügedən müsahibəsindən sonra ona qarşı başlayan hücumlara da münasibət bildirib: “Bir insanı sevə də, sevməyə də bilərlər. Bu normal haldır. Odur ki, mən belə şeylərə fikir vermirəm. Mən dediklərimi kim dərk edə bilibsə, çox əhsən. Kim ki, dərk edə bilməyibsə, onlara da əhsən. Mən neyləyim? Məcburi deyə bilmərəm ki, məni sevin”.

Xatırladaq ki, bir neçə gün əvvəl hüquq müdafiəçisi Novella Cəfəroğlu müsahibə verib və deyib ki, mərhum prezident Əbülfəz Elçibəy Kələkidə olduğu zaman əlyazmalarını ona verib və bunları İsraildə yaşayan həyat yoldaşı Vilen Epelbaumda çatdırmasını istəyib. Onun bu fikirləri ciddi müzakirə mövzusuna çevrilib.


Müəllif: Cavad