19 İyul 2014 14:45

Azərbaycanın əməkdar artisti Azər Mirzəyev dəfn edilib.

Alınan məlumata görə, dəfn mərasimindən əvvəl Sabirabad şəhərində yerləşən məsciddə mərhumun ruhuna dualar oxunub və cənazə namazı qılınıb.

A. Mirzəyev Sabirabad rayonunun Kürkəndi kəndinin qəbiristanlığında atasının qəbrinin yanında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon icra nümayəndələri, yerli ictimaiyyət, mərhumun qohumları və sənət yoldaşları iştirak ediblər.

Qeyd edək ki, A. Mirzəyev ürək çatışmazlığından dünyasını dəyişib. O, uzun müddətdir insult və ürək çatışmazlığından əziyyət çəkirdi.

Xatırladaq ki, A. Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsi ilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burada başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan aktyorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.

/apa/


Müəllif: