13 İyul 2017 17:38
2 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər prokurorluğu paytaxtda dünya çempionunun intihar etməsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, iyulun 4-də Binəqədi qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun yaşadığı evin həyətində olan turnikdən özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rəşad Dünyamalıyevin meyitinin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasion şırımdan başqa hər hansı xəsarət aşkar olunmayıb.

Hadisə yerinə baxış zamanı meyitin yanında aşkar edilmiş mərhuma məxsus “Samsung” markalı mobil telefona baxış zamanı telefonun ismarıclar bölümündə fon şəkilində özünə qəsd edəcəyi ilə bağlı hamıdan üzr istəməsi barədə anası, bacısı, məşqçiləri və bibisinə ünvanlanmış müraciət müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibb, məhkəmə-psixoloji eskpertizaları təyin edilib, Rəşad Dünyamalıyevin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, Rəşad Dünyamalıyev valideynləri və bacısı ilə birlikdə yaşadığı ünvanda səhər saatlarında evdə tək olmasından istifadə edərək intihar edib.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, sağlığında Rəşad Dünyamalıyevlə amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmayıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.


Müəllif: Hacı Zeynalov