15 İyul 00:13
1 047

Cümə günü Azərbaycanın Tarif Şurasının qərarı ilə benzinin qiyməti 0,20 manat artırıb.

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Teleqraf.com bildirir ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasının iclasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minir.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.


Müəllif: Teleqraf.com