17 İyul 13:00

Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər, çünki bu, geosiyasi oyunların nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Ria Novosti” agentliyinə müsahibəsində deyib.

O, Dağlıq Qarabağ münaqişəsinin 25 ildən çox davam etdiyini, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu vurğulayıb: “Nəticədə 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Ancaq nədənsə problemi “dondurulmuş münaqişə” kimi təqdim etmək cəhdləri zəifləmir. Əminliklə təsdiq etmək olar ki, münaqişə geosiyasi oyunların nəticəsidir”, - deyə Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, nə qədər ki bu oyunlar davam edəcək, nəticə dəyişməyəcək: “Gürcüstan, Moldova və Ukrayna bunun əyani sübutudur. Dağlıq Qarabağdakı “dondurulmuş” münaqişə hər an alovlana bilər. Hərçənd beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, amma nədənsə birmənalı mövqe nümayiş etdirməməyə üstünlük verirlər. Biz həmsədr ölkələrdən, həmçinin dünya ictimaiyyətindən münaqişənin ədalətli yolla həlli üçün konkret addımlar gözləyirik”.


Müəllif: Nərgiz Ehlamqızı