17 İyul 2017 13:44
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı Bielefeld NRW Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən iyulun 16-da Bielefeld şəhərinin mərkəzində - “Jahnplatz”da mitinq keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistanın işğalçılıq siyasətini pisləyən “Sərkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Mən Zəhrayam”, “Zəhraya ədalət” kimi şüarlar səsləndiriblər.

Xocalı faciəsində həlak olmuş şəhidlərin də yad edildiyi aksiyada Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Məhmət Əli Ölməz alman və Azərbaycan dillərində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.


Müəllif: Səxavət