21 İyul 2014 13:20
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə prosesi davam etdirilib.

Alınan məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Orxan Zeynalova 10 ilini ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il iş istəyib.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.

O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.

İstintaq orqanı tərəfindən O. Zeynalova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 -ci maddəsi (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb. O. Zeynalovu 8 ildən 20 ilədək, ya da ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

/APA/


Müəllif: