19 İyul 2017 12:29
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mircəfər Bağırovla bağlı indiyə qədər səsləndirdiyim bütün fikirlərin üzərində dururam.

Bu sözləri Teleqraf.com-a Bağırovun ötən ilin oktyabrın 6-da Beynəlmilər məzarlıqda dəfn edilməsi ilə bağlı deyilənlərə münasibət bildirərkən tanınmış araşdırmaçı alim Ədalət Tahirzadə deyib. O bu haqda deyilənləri ciddi qəbul etmədiyini bildirib:

“Mən sizə iki fakt deyə bilərəm. Birincisi, Bağırovla bağlı yaydığım fotoya başımla cavabdehəm. Çünki bu fotonu Milli Təhlükəsizlik Nazirliyinin arxivindən götürmüşəm. Arxivdə isə yalan olmur.
İkincisi, Mircəfər Bağırovun gətirib burada dəfn edilməsi də yalandır. Ona görə ki, Xuruşşovun dövründə Bağırov həbs edilərək güllələnməyə məhkum olundu. Bağırovun sağ qalması həmin vaxt Xuruşşovun mənafeyinə uyğun deyildi. Və siyasi motivlə güllələnən şəxslərin məzarı olmur. Reallıq budur”.

Ədalət Tahirzadə qeyd edib ki, indi Bakıda Mircəfər Bağırova yalandan ziyarətgah düzəltmək istəyirlər:

“Bu məqsədlə hərəkət edirlər, nəsə yayırlar, yalandan şou düzəldirlər. Odur ki, mən Bağırovun qohumlarının hərəkətlərini doğru saymıram”.

Bağırovla bağlı fikirlərinə görə məhkəməyə verilmə perspektivinə gəldikdə Ədalət Tahirzadə deyib ki, qarşı tərəf öz iddialarında haqlıdırsa, bunu edə bilər:

“Mən belə bir məhkəməni çoxdan gözləyirəm. Buyurub məhkəməyə üz tutsunlar. Mən də məhkəmədə Bağırovun azərbaycanlıların başına gətirdiyi hadisələrdən və cinayətlərdən danışım. Onsuz da Bağırov haqqında bir kitab yazmaq haqqında düşünürəm. Bu da mənim üçün bir stimul olar”.

Qeyd edək ki, mərhum ictimai-siyasi xadimin bacısı nəvəsi Məmmədtağı Cəfərov Azərbaycan Kommunist Partiyası MK-nın I katibi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri işləmiş Mir Cəfər Bağırovun 2016-cı il oktyabrın 6-sında Beynəlmiləl məzarlıqda dəfn edildiyini deyib.

O bildirib ki, Bağırovun qəbri Bayılda kimsəsizlər məzarlığında olub, sonra icazə ilə Beynəlmiləl məzarlıqda dəfn edilib. Dəfndə ancaq Bağırovun yaxın qohum-əqrəbası iştirak edib. Məlumata görə, Bağırov oğlu Cahangirin, birinci həyat yoldaşı Məryəm xanımın və Bağırovun böyük qardaşı İbrahim Bağırovun qızı Teybə xanımın məzarıyla yanaşı dəfn edilib.

Məmmədtağı Bağırov həmçinin araşdırmaçı alim Ədalət Tahirzadəni kəskin tənqid edib. Bildirib ki, Tahirzadə bir kor kişinin fotosunu yayaraq onun guya Mircəfər Bağırov olduğun iddia edib.

Sonradan əksər media resursları bu fotonu çap edərək Bağırovun guya ölmədiyini və 1956-cı ildən sonra yaşadığını bildirib.


Müəllif: Cavad