20 İyul 2017 16:53
1 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Aleksandr Lapşinlə bağlı verilmiş məhkəmə hökmünü şərh etmir.

Teleqraf.com “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Emmanuel Naxşon deyib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Lapşinin mümkün ekstradisiyası ilə bağlı suala cavabı qısa olub: “Biz bu məsələni şərh etmirik”.

Aleksandr Lapşinin vəkili Eduard Çurkin onun Rusiyaya və ya İsrailə ekstradisiya olunmasını istisna etməyib.

Qeyd edək ki, Rusiya, Ukrayna və İsrailin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilib. O, 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib. A.Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 318.2 (sərhədi qanunsuz keçmək) maddəsi üzrə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.


Müəllif: Nərgiz