22 İyul 2017 17:15
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Mətbuat günü ərəfəsində Prezident İlham Əliyevin 255 jurnalistə mənzil verməsi sosial mediada fəal olan tanınmışlar tərəfindən də böyük rəğbətlə qarşılandı. Prezidentin bu addımı böyük əksəriyyət tərəfindən təqdir olundu. Teleqraf.com bu məsələ ilə bağlı tanınmışların sosial mediada yazdığı statusların bir qismini təqdim edir:

Jurnalistika sahəsində uzun illər göstərdiyim fəaliyyət hədər getmədi.

Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında professor Qafar Çaxmaqlı bildirib.

O, ailəsini mənzillə mükafatlandırdığı üçün Prezident İlham Əliyevə dərin təşəkkür edib: “Bu hədiyyənin mənim üçün mənəvi dəyəri də ölçüyəgəlməzdir, o məni rəqiblərimizlə apardığımız ideoloji savaşda bundan sonra daha qərarlı addımlar atmağa sövq edəcək. Prezidentimizin bu diqqəti Azərbaycanımız üçün bu günə qədər etdiklərimizi və qarşıya qoyduqlarımızı daha da motivə edəcək, şəxsən məni beynəlxalq arenada daha qətiyyətli mübarizə aparmağa ruhlandıracaq.

Mənim müraciətimə diqqətlə yanaşan Azərbaycanın dəyərli dövlət adamı Əli Həsənova hədsiz minnətdaram. Bu işdə obyektivlik nümayiş etdirən həmkarlarıma, xüsusən komissiyasının sədri , KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə, MŞ sədri Əflatun Amaşova “sağ olun” deyirəm… Mənim bu sevincimə şərik olan hər kəsə təşəkkürlər”.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Hamit Karadeniz də Azərbaycan mətbuat nümayəndlərini təbrik edib. O, jurnalistlərə mənzil verilməsi məsələsinə də toxunub: “Can və qardaş Azərbaycanın vəfakar və cəfakar, Vətənin və millətin xidmətində 24 saat bezmədən və usanmadan eşq və şövqlə çalışan media mənsubu qardaşlarımı Milli Mətbuat Gününün 142-ci ildönümü günü münasibətilə təbrik edir, hər birinə sağlamlıq və gözəl günlər arzulayıram. Sizləri sevirəm can dostlarım. Ayrıca, jurnalistlərə daha rahat yaşaya bilmələri üçün ev verdiyinə görə başda Prezidident İlham Əliyev olmaqla bütün yetkililərə minnətdarlığımı bildirirəm”.

“Vətəndaş cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı da jurnalistlər evində mənzil alanlar arasında olduğunu vurğulayıb: “Bu böyük hədiyyəyə görə hörmətli Prezidentimiz cənab İlham Əliyevə ailəm adından təşəkkür edirəm”.

Teleqraf Holdinqin rəhbəri Aynur Camal da prezidentə minnətdarlıq, jurnalsitlərə isə təbrik hisslərini belə ifadə edib:

“Təşəkkürlər, Cənab Prezident! Mənzil alan dostlarızımı, həmkarlarımızı ürəkdən təbrik edirəm” Yeni yuvanız işıqlı olsun, bir ömür boyu içində xoşbəxt yaşayın. Ev almayan dostlar, ürəyinizi sıxmayın. Yeni binanın təməli atılıb. Gözünüzü açıb yumunca 3-cü bina da hazır olacaq. İnşallah bu sevinci dadmaq sizə də nəsib olacaq. Tanrı bu milləti və dövləti qorusun!”

Nasir, publisist Xeyrəddin Qoca öz statusunda bildirib ki, jurnalistlər üçün üçüncü binanın təməlinin atılması qələm əhlinin bundan sonra da dövlətimizin birinci şəxsinin qayğısı ilə əhatələnəcəyinin isbatıdır:

“Mənzil alan bütün jurnalistlərin, redaksiyaların əməkdaşlarının sevincini öz sevincim hesab edirəm! Təbriklər!”

"Asan" radionun direktoru Emin Musəvi də ev alan bütün jurnalistləri səmimi qəlbdən təbrik edib: “Ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır”.

Tannmış yazıçı, dramaturq və filosof Firuz Mustafa hesab edir ki, qələm əhlinin mənzillə təmin edilməsi müsbət haldır:“Bayramınız və mənziliniz mübarək... Bəziləri belə düşünür ki, ev verilən jurnalistlərin qələmi istər-istəməz “yumşalacaq”, kəsərdən düşəcək. Düşünürəm ki, əksinə, bundan sonra cəsarətlilər daha da cəsarətli olacaq”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev hesab edir ki, jurnalsitlərə evlərin paylanması bütövlükdə Azərbaycan jurnalistikasına və onların fəaliyyətinə verilmiş yüksək qiymətdir: “Jurnalistlər binasında ev alan həmkarlarımı, dostlarımı təbrik edirəm. Jurnalistlər hər şeyin ən yaxşısına layiqdirlər”.

"Azərsu" ASC Təlim və İnnovasiyalar Mərkəzinin rəisi İlkin Məcidov da mənzil ilə mükafatlandırılan jurnalistlərimizi sosial şəbəkədə təbrik edib:

“İnanıram ki, ölkə başçısının bu addımı, mükafat alan jurnalistlərə motivasiya olmaqla yanaşı, mukafat almayan jurnalistlərə də böyük stimul olacaqdır”.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mənzil alan bütün jurnalist dostlarını, həmkarlarını ürəkdən təbrik edib: “Hər zaman xeyir işlərdə görüşək bu mənzillərdə! Sağ əlləri də mənzili olmayanların, uzun illər ailəsi ilə kirayədə yaşayanların başına! Ev arzusunda olan digər həmkarlarıma da növbəti binadan ev arzulayıram. İçi mən qarışıq!”


Müəllif: Səxavət