7 Avqust 2017 14:50
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın son bəyanatını Türk Silahlı Qüvvələrinin Suriya və İraq ərazisinə daxil olacağının anonsu kimi qiymətləndirmək olar.

Bu sözləri Ərdoğanın Suriyada yeni əməliyyatlarla bağlı çıxışını şərh edərkən siyasi şərhçi Qabil Hüseynli Teleqraf.com-a deyib.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Ərdoğanın bəyanatı real gerçəkliyə əsaslanır. İndiyə qədər Türkiyədə terrorun mənbəyi Qəndil dağlarında gizlənən terrorçular və ölkə daxilində fəaliyyət göstərən bəzi qruplar hesab olunurdu:

“Amma indi vəziyyət dəyişib. Sözsüz ki, Türkiyənin kürd terror təşkilatları haqqında daha əhatəli informasiyası var. PKK-nın bəsləndiyi ölkələrdən biri Almaniyadırsa, digər tərəfdən PKK-nın silah əldə etdiyi, hərbi hazırlıq keçdiyi mənbələrdən ən mühümü İraq və Suriyadır. Suriya tarixən PKK-nın ilk yaradıldığı, birinci qurultayının keçirildiyi ölkədir. Abdulla Öcalan uzun müddət Dəməşq ətrafındakı PKK düşərgələrinə yaxın villasında yaşayıb, terror təşkilatını oradan istiqamətləndirib”.

Mütəxəssis xatırladıb ki, Bülənd Əcəvitin baş nazir olduğu dövrdə Türkiyə Suriyaya ultimatum verərək Öcalanın ölkədən çıxarılmasını tələb etmişdi: “Əlbəttə, həmin vaxt Ankara Vaşinqtonla birgə hərəkət edirdi. Beləcə, bu fəaliyyət Öcalanın Suriyadan çıxarılması, Moskvaya getməsinə səbəb oldu. Son anda Öcalan həbs edildi və Türkiyəyə gətirildi. Bundan sonra terror hərəkətləri nisbətən səngidi.

İndi Ərdoğan haqlı olaraq deyir ki, PKK terror şəbəkəsinin əsas mərkəzi Suriyadır. Çünki Suriyada olan və ciddi möhkəmlənə bilən PYD və YPG əslində PKK ilə yaxın əlaqələrə malikdir.

Təəssüf ki, PYD və YPG son zamanlar ABŞ-la sıx münasibət qurmağa nail olub. Eyni zamanda onlar İŞİD-lə mübarizədə özlərini ortaya ataraq Vaşinqtonun etimadını qazana bilib. ABŞ da hazırda Suriyadakı kürd silahlı dəstəsi olan YPG-yə kifayət qədər silah ötürür. Bəllidir ki, ABŞ həm Rakka əməliyyatında, həm də digər ərazilərdə YPG ilə birgə hərəkət edir. Bunu Ankara nəzərə almaya bilməz.

Üstəlik, bu yaxınlarda həmin kürd terror təşkilatı bəyanat verərək Türkiyəni hədələdi. Ankara isə dərhal YPG-nin dislokasiya edildiyi bölgələrdə hərbi əməliyyatlar keçirə bilən xüsusi hərbi bölmələr yaratdı. Hazırda bu xüsusi qoşunlar Suriya ilə sərhəddə məskunlaşıb. Böyük ehtimalla, həmin xüsusi hərbi bölmələr hərəkətə keçəcəksə, bu zaman Türkiyənin hərbi hava qüvvələri də onlara dəstək verəcək”.

Qabil Hüseynli deyib ki, Türkiyə Suriyadakı YPG silahlılarını sıxışdıraraq Türkiyənin cənub sərhədlərindən çıxarılmasında qərarlıdır:

“ABŞ-ın etirazlarına baxmayaraq, Ankara Rakka əməliyyatından sonra bu addımları atmaqda qərarlıdır. Hesab edirəm ki, bu, Türkiyənin özünü müdafiə hüququna uyğundur və bu, BMT nizamnaməsində də təsdiqini tapıb. PKK-nı ABŞ və dünyanın əksər ölkələri terrorçu təşkilat kimi tanıyıb. Bu baxımdan Türkiyənin hərbi əməliyyatları dünyada ciddi etirazlar doğura bilməz. Söhbət terror təşkilatının məhv edilməsindən gedir. Doğrudur, bu, həm də riskli əməliyyatdır. Çünki ABŞ-Türkiyə münasibətləri onsuz da soyuyub. Eləcə də bu addım Türkiyə-Avropa münasibətlərində mövcud gərginliyi daha da sərtləşdirə bilər. Lakin söhbət dövlətin təhlükəsizliyindən gedirsə, bu hərbi əməliyyatların aparılmasına ehtiyac var”.

Müsahibimiz deyib ki, Türkiyə nəzərdə tutduğu əməliyyatın ikinci hissəsini İraq ərazisində aparacaq:

“Hələlik İraq ikinci plandadır. Amma Bərzaninin nəzarət etdiyi ərazilərdə və ondan kənardakı kürd ərazilərində PKK-nın məskən saldığı, düşərgələr qurduğu barədə informasiyalar var. Bu məlumatlar əsasında Türkiyə həmin ərazidəki PKK-çıları da məhv etmək niyyətindədir. Bu saat PKK-nın kökünü kəsmək üçün Türkiyə onu əsas qida mənbəyi olduğu ərazilərdə məhv etməyə üstünlük verəcək. Məncə, bu, doğru taktikadır. Sadəcə olaraq bu addımı atarkən Türkiyənin beynəlxalq mövqelərinin zəifləməsinə imkan verməmək, bu istiqamətdə bəzi aparıcı dövlətlərlə, beynəlxalq qurumlarla lazımı izahat işləri aparılmalıdır. Türkiyənin bu hərbi əməliyyaatlarının onun təhlükəsizliyi üçün əhəmiyyət kəsb etdiyi və onu aparmaq məcburiyyəti qarşısında qaldığı izah edilməlidir. Ümumiyyətlə, Ərdoğanın siyasətinin müəyyən məqamlarda ziddiyyətli olmasına baxmayaraq, bu istiqamətdə siyasi xətt doğrudur”.

Xatırladaq ki, Türkiyə prezidenti “Fərat Qalxanı Hərəkatı ilə Suriyadakı terror layihəsinin ürəyinə vurduğumuz xəncəri, yeni hücumlarla genişləndirməkdə qərarlıyıq. Çox yaxın günlərdə bu mövzuda yeni və əhəmiyyətli addımlarımız olacaq”, - deyə açıqlama vermişdi.

Bəzi ekspertlərin fikrincə, Türkiyə məhz sentyabrda müəyyən hərbi hərəkətliliyə start verəcək.


Müəllif: Cavad