10 Avqust 14:57
398

ABŞ Konrqesinun qəbul etdiyi qanuna “şər üçbucağı”nı - Rusiya və Şimali Koreya ilə yanaşı İranı da əlavə etməsi gələcəkdə Azərbaycana müəyyən problemlər yaradacaq. ABŞ-ın yeni sanksiyaları Rusiya-İran ikilisini yenidən zorən müttəfiqlərə çevirəcək. Bu isə o deməkdir ki, Rusiya və İran Cənubi Qafqaz və Qarabağ münaqişəsinin həllinə eyni prizmadan yanaşacaqlar.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu ABŞ-ın Rusiya və İrana qarşı son sanksiyasının Azərbaycana mümkün təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya-İran ittifaqı heç zaman Azərbaycanın xeyrinə olmayıb:

“Əslində, İrandakı siyasi və dini dairələrin heç vaxt Rusiyaya inamları olmayıb, ancaq Rusiya hakimiyyətinin anti-Qərb siyasəti və son illər Moskvanın Suriya rejiminə verdiyi dəstək Tehranı istər-istəməz yenidən Rusiya ilə əlaqələri genişləndirməyə, tərəfdaşlığı artırmağa sövq edib.

Konqresin və ABŞ Prezidenti Donald Trampın anti-İran siyasəti eynilə İranda anti-Amerikan əhval-ruhiyyəsini gücləndirəcək və İrandakı dairələr ətraflarında da amerikan dostları və tərəfdaşlarına şübhəylə yanaşmağa başlayacaq. Azərbaycanın isə Amerika ilə tərəfdaşlıqdan imtina etmək fikri yoxdur”.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya yeni sanksiyaları nəzərdə tutan “Sanksiyalar yolu ilə Amerikanın düşmənləri ilə mübarizə” adlı qanun layihəsini qəbul edib.


Müəllif: Nərgiz