10 Avqust 2017 16:48
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim Gürcüstana daxil olmağıma qadağa qoyulub. İyulun 29-da ailəmlə birlikdə Dmanisi rayonunun Başkeçid kəndinə getmək istəyirdim. Çünki anam xəstə idi. Ailəliklə yola çıxdıq. Sərhəd keçid məntəqəsində ailə üzvlərimi Gürcüstan ərazisinə buraxdılar, məni isə bir saatdan çox saxladılar. Səbəbini soruşdum. Gömrük əməkdaşları kimlərləsə əlaqə saxlayandan sonra dedilər ki, sizin Gürcüstana daxil olmağınıza qadağa qoyulub.

Bu fikirləri Teleqraf.com-a Bakı Dövlət Universitetinin dossenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.

Alim saytımızın xəbərini doğruldaraq bildirib ki, həqiqətən onun Gürcüstana daxil olmasına qadağa qoyulub.

Kərəm Məmmədov daha sonra deyib ki, sərhəd keçid məntəqəsində Gürcüstana daxil olmasına qadağa qoyulduğu haqda informasiya aldıqdan dərhal sonra Azərbaycanın Gürcüstandakı səfirliyi ilə əlaqə yaradıb: “Səfrliklə əlaqə yaratdım, eləcə də Gürcüstan parlamentinin azərbaycanlı deputatları ilə əlaqə qurdum. Səfirliyimiz iki gün sonra Gürcüstan Xarici İşlər Nazirliyinə nota tədim etdi. Mənim özüm üçün də maraqlıdır ki, niyə Gürcüstana daxil olmağıma qadağa qoyulub. Mən indiyə qədər siyasi partiya üzvü olmamışam. Gürcüstandakı azərbaycanlıların fəaliyyətini izləyən alim kimi hər zaman Gürcüstan dövlətinin möhkəmlənməsində azərbaycanlıların rolunu qeyd etmişik. Eləcə də Azərbaycan-Gürcüstan dostluğu barədə fikirlər söyləmişəm”.

Müsahibimiz deyib ki, Gürcüstan tərəfi ona qadağanı mart ayının sonlarında qoyub: “Ehtimalım odur ki, bu qadağa Borçalı İctimai Təşkilatının sədri olduğum zaman qoyulub. Ancaq mən iyulun 3-də ərizə ilə İdarə heyətinə müraciət edərək sədrlikdən istefa vermişəm. Çünki səhhətim buna imkan vermir. Üstəlik elmi fəaliyyətimə vaxt ayırmalıyam. Çünki bu saat türk xalqlarının etnoqrafiyası üzərində işləyirəm. Kitab rus dilində olacaq”.

Alim daha sonra qeyd edib ki, Gürcüstan onun doğulduğu, 17 il yaşadığı, orta məktəbi bitirdiyi və sevdiyi bir diyardır:

“Əlbəttə, mən bu məsələni başlı-başına buraxmayacağam. Ancaq belə işlərlə kortəbi məşğul olmaq, nəyəsə uymaq, çılğınlıq etmək də doğru deyil. Təbii ki, bu işlə Azərbaycan dövləti, onun Gürcüstandakı səfirliyi məşğul olur. Sevinirəm ki, dövlət alimin yanındadır. Təbii ki, Gürcüstan dövləti də araşdırma aparacaq. Aparsınlar, bizim alnımız açıq, üzümüz ağdır. Qafqazda Gürcüstan və Azərbaycanın əməkdaşlığı hər iki dövlətin müstəqilliyi deməkdir. Mən istəməzdim ki, nə 1801, nə də 1907-ci il təkrar olsun. Bu fikirlərimi Qarsda olarkən Gürcüstan nümayəndələrinə də dedim. Bildirdim ki, bu iki ölkə 1919-cu ildə imzalanan hərbi pakta sadiq qalmalıdır. Biz həmişə Gürcüstanda demişik ki, qardaş-qardaşı ilə güclüdür. Ümid edirəm k, bu qadağa müvəqqəti anlaşılmazlıqdır və tez bir zamanda aradan qalxacaq”.


Müəllif: Cavad