18 Avqust 2017 10:57
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik.

Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yaydığı açıqlamada bunu bəyan edib.

O qeyd edib ki, terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik:

“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır.

Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev İspaniya kralı əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının xarici işlər naziri Alfonso Maria Dastisə başsağlığı məktubu göndərib.

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir.

Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.


Müəllif: Səxavət