24 Avqust 2017 10:32
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi böyük coşğu ilə qarşılanıb.

Teleqraf.com-un məlumatına görə, sıravi futbol həvəskarlarından tutmuş tanınmış ictimai-siyasi şəxslərədək hər kəs bu qələbəni bayram kimi qeyd edib.

Oyun bitər-bitməz gecə saatlarından etibarən insanlar paytaxın küçələrinə axışıb. Bir çoxları öz sevincini Feysbuk sosial şəbəkəsində bölüşüb.

Milli Məclisin deputatlarının “Qarabağ”ın qələbəsi barədə Feysbuk paylaşımlarını təqdim edirik.

Adil Əliyev: “Füzuli rayonunun işğalı günü “Qarabağ” klubunun qələbəsi böyük təskinlikdir... Təbriklər “Qarabağ”, təbriklər Qurban Qurbanov, təbriklər Azərbaycan xalqı”.

Aydın Mirzəzadə: “ “Qarabağ” fikirləşdiyim hesabla oyunu başa vurmasa da - əsas bu deyil, oyun tam istədiyimiz kimi olmasa da - əsas son nəticədir, bununla belə heç nəyə baxmayaraq ümumi hesabda Azərbaycan futbol klubu səfərdə tarix yazdı – bu, gözlənilirdi.

Azərbaycan “Qarabağ”la qələbə qazandı və bizim adımız Çempionlar Liqasının qrup mərhələsindədir. 1-2 ildən sonra bu sətirlərə öyrəşəcəyik. Biz güclü Avropa klubuna malik olan ölkələrdənik. Quqlda Azərbaycan və Qarabağ sözlərinin axtarışı dəfələrlə artmaqdadır. Sevinməyə haqqımız var – “Bavariya”, “Real”, “PSJ”, “Çelsi”, “Qarabağ” və digər 27 Avropa futbol klubu!

MDB ölkələrindən qrup mərhələsinə cəmi 4 klub düşüb, ikisi Rusiyadan, biri Ukraynadan və Azərbaycan komandası! Təbriklər!”

Əli Məsimli: “Futbolda “Qarabağ” qazandı. Təbriklər! Bizim üçün təkcə futbol komandası olmayan “Qarabağ”ın tariximizə yeni səhifələr yazmaqla uğurları bol olsun!”

Qənirə Paşayeva: “Həyatda ilk dəfə insanlar qarşısında “Qarabağ” klubu üçün mahnı oxumuşam, klubun üzvləri və əziz dostlarla birlikdə. Yanınızdayıq əziz “Qarabağ”! Həyəcanla sənin uğurlarının davamını gözləyirik!”

Rasim Musabəyov: “”Qarabağ” komandamızın möhtəşəm uğuru - Çempionlar Liqasının Qrup mərhələsinə çıxmağı ilə futbolçularımızı və bütün azarkeşləri təbrik edirəm. Yeni uğurlar gözləyirik”.

Musa Qasımlı: Yaşasın Azərbaycan! Var olsun "Qarabağ"! Sevinc göz yaşları daim millətimizin nəsibi olsun!

Qeyd edək ki, dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu həlledici matça çıxıb. Matç “Kopenhagen”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.


Müəllif: Nərgiz