24 Avqust 2017 12:45
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” komandamız sözün əsl mənasında tarix yazdı. Çox sevindirici və qürurverici məqamdır. Ağır oyun olduğunu nəzərə alsaq, doğrudan da, gərgin şəraitdə keçən qarşılaşmada komandamız son ana qədər əzmkarlıqla mübarizə apardı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov “Qarabağ” klubunun UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmasına münasibət bildirərkən deyib.

“Çox sevinirik ki, futbolçularımız Azərbaycanın əzəli torpaqları olan Qarabağ adını öz komandalarının adında yaşatmaqla bərabər, eyni zamanda klub olaraq tarixi qələbəyə imza atdılar. Komandanın hər bir üzvünü ürəkdən təbrik edirəm, ilk növbədə onlara can sağlığı, böyük uğular arzulayıram.

Bu gərgin mübarizədə xalqımızı bu qədər sevindirdiklərinə, minlərlə insanı bir araya gətirib onlara qürur hissi yaşatdıqlarına görə komandaya təşəkkür edirəm”, - deyə nazir qeyd edib. .

Xatırladaq ki, dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu həlledici matça çıxıb. “Qarabağ” səfərdə “Kopenhagen”ə 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


Müəllif: Nərgiz Ehlamqızı