11 Sentyabr 2017 15:49
2 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com AYB-nin mətbuat katibi Xəyal Rza ilə “26” kafesi ətrafında yaranan qalmaqalla bağlı müsahibəni təqdim edir.

- Xəyal bəy, “26” kafesi ilə bağlı məsələ nə yerdədir?

- Ola bilər ki, sabah bu məsələ ilə bağlı AYB olaraq, bəyanat yayaq. Əslində, Yazıçılar Birliyini kafe məsələsinə qatmaq, elə başdan yanlış idi. Kafenin adına belə yanaşma hüquqi cəhətdən də doğru olmadı.

Böyük ehtimal var ki, sonda ədalətli qərar çıxarılacaq. Məsələ həllini tapacaq. Sahibkarın da hüquqları bərpa olunacaq. Sadəcə, biz artıq qarışmaq istəmirik.

- Xəyal bəy, necə oldu ki, AYB-yə məxsus məkan kafeyə çevrildi?

- Yazıçılar Birliyi sadəcə olaraq, zərurətdən dolayı boş qalmış ərazisini müvəqqəti olaraq icarəyə verib. Sabah fikrimizi dəyişə də bilərdik. Biz sadəcə fiziki şəxslə fərdi imza ilə müqavilə bağlamışdıq. O müqavilədə də həmin şəxsin ad və familiyası qeyd olunub, kafenin adı yox. Həm biz kafe işlətmirik ki, kafenin də adını müəyyənləşdirək?! Bu məsələyə bizi qatmamalıydılar...

- “Həmin şəxs” dediyiniz insan kimdir?

- İcarədar Ramin Məmmədov. Biz yalnız onu tanımışıq. Əgər şəxsən mənə sual verirsinizsə, mən heç onu da tanımamışam.

- Xəyal bəy, məkanı icarəyə verən AYB-dir. İcarədar da Ramin Məmmədovdur. Bəs bu sahibkar kimi adı çəkilən professor Ərəstun Qasımov və onun oğlu Əliyar kimdir?

- Bunu bu hadisəni, bu şounu yaradanlardan soruşmaq lazımdır... Çünki biz də bilmirik. Biz onları ümumiyyətlə tanımırıq. Biz məkanı Raminə vermişdik. Daha onun arxasında kim dayanır, onu kim maliyyələşdirir, bilmirik. Adam icarəyə yer götürüb, kafe işlədib, 30 nəfərə də çörək verib.

- Həmin məkanı icarəyə verəndə bilirdiniz ki, oranı kafe edəcəklər?

- Əlbəttə.

- Bəs məkanı icarəyə verən AYB maraqlanmadı ki, onun məkanının adı nə olacaq?

- Kafenin adını icarədarlar əvvəl “Sketch” qoyublar. Sonra isə dəyişib “26” ediblər. Nə vaxt dəyişiblər, bilməmişik. Heç fikir də verməmişik. Ona qalsa kafe düz İcra Hakimiyyəti ilə üzbəüz yerləşirdi. Kafenin adını “26” qoyandan 2 gün sonra Səbail rayon İcra Hakimiyyəti gəlib deyə bilərdi ki, adı dəyişin.

- Əvvəllər bu adla bağlı sizə bir xəbərdarlıq gəlməmişdi?

- Xeyr gəlməmişdi, heç düşünmürəm ki, xəbərdarlıq bizə gəlməliydi. Hüquqi cəhətdən danışırıqsa, mən düşünürəm ki, bu məsələ icra hakimiyyətinin məsələsi deyildi. Bu sahə ilə məşğul olan bir orqan əvvəl xəbərdarlıq etməliydi, sonra lazım gələrsə, məsuliyyətli şəxsləri məhkəməyə verməliydi. Məhkəmədə sübut olunardısa, onda da ad dəyişilməli idi.

Həmin gündə təkcə kafe sökülmədi, “26 Bakı komissarları” küçəsinin adı dəyişildi. İndiyə qədər də bu küçə var idi, niyə məhz indi dəyişdi? Bu günə qədər niyə o küçənin adı dəyişilmirdi? Belə çıxır ki, kafenin bağlanmağını gözləyirdilər ki, küçənin də adını dəyişsinlər?

- Amma bəzi qəbzlər və sənədlərdə kafenin adının “26 Bakı komissarı” ilə əlaqəsi təsdiqləndi. Yəni təqdim olunduğu qədər məsum “26” rəqəmindən söhbət getmirdi...

- Mən əminəm ki, o kafeni işlədən həmin uşaqların hansından soruşsanız, onlar heç 26 Bakı komissarlarının kim olduğunu belə bilmirlər. O uşaqların biri də bu suala cavab verə bilməz. Əgər onlar “26-lar”ın kim olduğunu bilsəydilər, heç o adı qoymazdılar. 50 mindən çox rəqəm var. Məsələn, “60” qoyardılar. Ümumiyyətlə, nə dərəcədə düzgündür “26” sözünü “26 Bakı komissarı” ilə bağlamaq? Mən bunu hələ də başa düşə bilmirəm.

Mən heç nə demirəm, araşdırsınlar, sübut etsinlər və lazımdırsa, onları tənbeh etsinlər. Amma zatən insanların düşüncəsində də bu ərazi hələ də “26-lar bağı” kimi qalıb, o bağa hələ də “26-lar” deyənlər var. Onda onlar da düşməndir? İçərişəhər metro stansiyasına hələ də “Baksovet”, “Koroğlu” metro stansiyasına hələ də “Əzizbəyov” deyənlər var. Həmin komissarlardan biri də elə Əzizbəyov olub da. Hələ də Ağcakəndə Şaumyan kəndi deyənlər var. Bilirsiniz, o zaman insanların fikrindəki keçmiş adları dəyişmək lazımdır. İndi bu insanları tutub içəri basası deyilik ki...

Ola bilər icarədarların da fikrində nəsə olub. Amma bu bizə aid deyil axı. Yəni məsələnin Yazıçılar Birliyinə aidiyyəti yoxdur.

- Bəs heç təklif olmadı ki, adı dəyişin, işinizə davam edin? Niyə kafe birbaşa bağlandı?

- Elə bu məsələ hüquqi tərəfdən həllini tapmalıdır.

- Bəs saxlanılan şəxs, məhkəmənin olub olmayacağı barədə ən son xəbərlər nədir?

- Yazıçılar Birliyinin heç nədən xəbəri yoxdur.

- Bəs məkan necə olacaq?

- Məkan necə olmalıdır? Məkan Yazıçılar Birliyinindir. Katibliyin qərarından sonra Yazıçılar Birliyi məkanı nə edəcəyini düşünəcək.

- Ola bilər ki, həmin yer başqa adla yenə bir kafe kimi fəaliyyətini davam eləsin?

- Əlbəttə ki, əgər ad insanları bu qədər narahat edirsə, bundan sonra bir az daha diqqətli olmaq olar. Niyə israr edək ki, ad “26” olsun?

- Bəs müsadirə olunan əmlaklar?

- Müsadirə olunan hər şey icarədara qaytarılmalıdır. O, gedib yaxşı bir vəkil tutsa, məhkəməyə versə, mən əminəm ki, icarədar məhkəməni udar. Çünki həmin əmlaklar qeyri-qanuni şəkildə müsadirə olunub. Yenə də məsələnin dərinliklərində nə varsa, bu araşdırmalardan sonra ortaya çıxacaq. Bəlkə icarədarlar həqiqətən də ermənipərəstdilər? Ki, biz buna inanmırıq. Öz həmyerlilərimizi ermənilərin ayağına bağlamağın qəti əleyhinəyik. Sadəcə, məsələnin araşdırılıb ədalətli qərar verilməsini gözləyirik.


Müəllif: Könül