13 Sentyabr 2017 20:42
2 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Köhnə "26-lar", indiki "Sahil" bağının ərazisində yerləşən "26" restoranı olayı hüquq-mühafizə orqanları tərəfindən dərindən araşdırılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən tam araşdırma başa çatdırılmadan ayrı-ayrı insanları ləkələməyə yol vermək olmaz.

Teleqraf.com xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

O, bu məsələnin mental dəyərlərimizə zərər vurduğunu bildirib: "Həqiqət ondan ibarətdir ki, bu addımla bizim xalqımızın milli əxlaq sisteminə ağır zərbə vurulub. Deyirlər ki, bu, beynəlxalq restoran şəbəkəsidir. O halda belə bir sual yaranır, sözügedən restoran şəbəkəsi Azərbaycana necə yol açıb, bu restoran Bakının başqa bir yerində fəaliyyət göstərə bilməzdi? Hökmən gərək "Sahil" bağı, yəni köhnə "26-lar" bağı ətrafında fəaliyyət göstərəydi? Bizim mövqeyimiz ondan ibarətdir ki, belə məsələlərdə güzəşt olmamalıdır. Yoxsa biz şəhidlərimizin ruhunu təhqir etmiş oluruq. Yaxud, şəhidlərimizin ruhunu təhqir edənləri müdafiə etmiş oluruq. Məsələnin əxlaqi-mənəvi tərəfi aydındır".

Deputat qeyd edib ki, 26-lar məsələsini yenidən qaldıranlar kimlərdirsə, onlar açıq-aydın anti-Azərbaycan mövqeyindən çıxış edirlər: "Təəssüf ki, bizim içimizdən də onlara pas verənlər tapılır. Bu yol doğru deyil. Yaddan çıxarmaq olmaz ki, 26-lar Azərbaycan xalqına böyük ziyan vurublar, Azərbaycanın əksər bölgələrində dəhşətli soyqırımlar törədiblər".


Müəllif: Könül Əlibəyli