19 Sentyabr 2017 16:37
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəyyən ümidlər var idi ki, məhkəmənin qərarı yuxarı instansiyada təsdiq olunmayacaq.

Teleqraf.com-un məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Qeyd edək ki, bu gün Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Elxan Şahinoğlu qeyd edib ki, Bakıda bir çox insanlar ÜAK-ın qeydiyyatının bərpa ediləcəyinə ümid bəsləyirdilər:

“Bütün ümidlər puça çıxdı. Halbuki bir neçə gün əvvəl Rusiya paytaxtında “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” adlı konfransda Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin doğru qərar olmadığı rusiyalı rəsmilərin və deputatların diqqətinə çatdırılmışdı. Həmin konfransda rusiyalı siyasətçilər və ekspertlər Azərbaycanın Rusiyanın orbiti ətrafında fəaliyyət göstərməsinin vacibliyinə eyham vurmuşdular”.

Analitik qeyd edib ki, Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatının qeydiyyatını ləğv edirlər, işğalçı Ermənistanı silahlandırırlar, sonra da konfransda bizimkilərə sual edirlər ki, Azərbaycan niyə Avrasiya İqtisadi Birliyinə üzv olmur?

“Rusiyanın Azərbaycandakı ”beşinci kolonu”nun ölkədə daxili gərginliyi artırmaq və Qərblə münasibətlərə kölgə salmaq üçün eləmədiyi pislik qalmayıb, bircə “xozeyin”lərinə deyə bilmirlər ki, bəs axı sən də Azərbaycan-Rusiya münasibətlərini korlayırsan və beləcə bizim də ”işimizi” çətinləşdirirsən”, - deyə Elxan Şahinoğlu qeyd edib.


Müəllif: Səxavət