23 Sentyabr 2017 17:46
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı başlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, toplantıda hökumətə Suriyada və İraqda hərbi əməliyyat aparmaq üçün verilmiş səlahiyyət müddətinin daha bir il uzadılması ilə bağlı qanun layihəsi müzakirə edilir.

Prezident Rəcəb Tayyib Ərdoğan parlamentə gələrək TBMM-nin yığıncağını izləyir.

Bundan başqa, Baş nazir Binəli Yıldırım, CHP sədri Kamal Kılıcdaroğlu və MHP lideri Dövlət Baxçalı da parlamentin iclasındadır.

Məclisi TBMM sədri İsmayıl Qəhrəman açıb. Onun ilk dəfə qalstuk taxdığı qeyd olunur.

Türkiyə parlamenti hökumətə ölkə sərhədlərindən kənarda hərbi əməliyyat aparmaq səlahiyyəti verən qanun layihəsini ciddi hadisələr fonunda müzakirəyə çıxarıb. Sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirməsini Türkiyə öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Beləliklə, İraqda hərbi əməliyyatlar məsələsi gündəmə gəlib.

Parlament layihəni qəbul edərsə, ordunun Suriya və İraqda hərbi əməliyyat keçirməsinə yaşıl işıq yandırılacaq.


Müəllif: Mahir