25 Sentyabr 2017 16:51
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi sentyabrın 25-də jurnalistlərə açıqlamasında İraq Kürdüstanında keçirilən müstəqillik referendumundan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, İranın Kürd Muxtariyyəti ərazilərini bombalaması ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verib.

Qasimi bildirib ki, İraqın ərazi bütövlüyü qorunub saxlanılmalıdır:

“Bizim bu barədə mövqeyimiz açıq və tam şəffafdır. Biz İraqın milli hakimiyyətinin və onun ərazi bütövlüyünün qorunub saxlanılmasına, bu ölkədə demokratik prosesin davam etdirilməsinə israr edirik. Hesab edirik ki, İraqın ərazi bütövlüyünə və onun milli təhlükəsizliyinə xələl gətirən hər hansı bir hərəkət səhv addımdır. Çünki belə bir addım, həm region əhalisi, həm də həmişə xeyrini istədiyimiz kürd əhalisinin ziyanınadır”.

Bəhram Qasimi həmçinin, ölkəsinin İraq Kürdüstanı ərazilərini bombalaması ilə bağlı yayılan xəbərləri təkzib edərək deyib ki, bu, bəzi Qərb mətbuatı tərəfindən yayılan əsassız və yalan bir xəbərdir. O, həmçinin İranın Ərbildəki baş konsulunun bununla bağlı çağırılmasını da təkzib edib.

Qeyd edək ki, bu gün İraq Kürdüstanında müstəqillik referendumu keçirilir.


Müəllif: Samir