25 İyul 2014 15:16
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Kino Günü ərəfəsində dünyanın ən nüfuzlu beynəlxalq kinofestivallarından olan Venesiya BKF-dən şad xəbər gəlib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, dövlət sifarişi ilə "Azərbaycanfilm"də çəkilişləri yenicə başa çatmış "Nabat" bədii filmi bu kino yarışmasının "Horizontlar" müsabiqə proqramına daxil edilib. Rejissor Elçin Musaoğlunun çəkdiyi "Nabat" Qarabağ müharibəsindən bəhs edir və bu mövzuda olan filmimizin beynəlxalq arenaya çıxması heç şübhəsiz ki, çox böyük önəm kəsb edir.

Xüsusi olaraq nəzərə almaq lazımdır ki, "Horizontlar" proqramı dünya kinosunda yeni meyilləri ifadə edən filmlər üçün nəzərdə tutulub. Təcrübə göstərir ki, böyük festivalların proqramlarına qəbul etdiyi filmlər üçün dünya kinofestivallarının qapıları açılır.

Bundan əvvəl dünyanın ən mötəbər kino forumlarından olan Kann və Karlovı Varı festivallarının müsabiqələrində digər Azərbaycan filmlərinin iştirakı kinomuzda baş verən pozitiv dəyişikliklərdən xəbər verir. Hazırda "Azərbaycanfilm"də çəkilən filmlər yeni tendensiyaların güclənəcəyinə inamı artırır.

/trend/


Müəllif: