6 Oktyabr 2017 15:15
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident doğru qeyd etdi ki, Avropa qurumları bir çox hallarda Azərbaycanla bağlı məsələlərə qərəzli yanaşır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Dövlət başçısının oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə söylədiyi nitqinə münasibət açıqlayan politoloq Avropa qurumlarının bəzən məsələləri düzgün dəyərləndirmədiyini vurğulayıb:

“Məsələn, dünyanın başqa regionlarında baş verən hadisələrə verilən qiymətlə Azərbaycanda oxşar xarakterli hadisələrə verilən qiymətlər üst-üstə düşmür. Yəni, Avopa qurumları, xüsusən də Avropa Şurası ikili standartlarla hərəkət edir. Prezident bir məqamı da qeyd etdi ki, bizim Avropa Şurasından asılılığımız yoxdur və Avropa Şurası olmadan da yaşaya bilərik. Buna görə də Azərbaycan Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsini prioritet hesab edir”.

Q.Hüseynli qeyd edib ki, əlbəttə, Dağlıq Qarabağ problemimiz olmasaydı, Azərbaycan heç bir dövlətin və siyasi qurumun minnətini götürmədən tam müstəqil və qeyri-asılı siyasətini həyata keçirə bilərdi:

“Amma indi bir-birindən asılı olan və bir-birinin problemləri ilə bağlı olan dünyada tam özünü təcridetmə vəziyyətinə getmək də müşkül məsələlərdən biridir. Amma biz biz sübut etməliyik ki, Avropa Şurası doğrudan da Azərbaycana münasibətdə qərəzli hərəkətlər edir. Xüsusilə, Avropa Şurasının baş katibi Turbyern Yaqlandın Azərbaycanı təşkilatın sıralarından çıxarmaq istəməsi ilə bağlı fikirləri heç bir etik normaya sığmır. Azərbaycan uzun illərdir Avropa Şurası ilə əməkdaşlıq edir və bu əməkdaşlıq hər iki tərəfə xeyli fayda verib. İndi belə şantaj və təhdidetmə taktikasının seçilməsi zənnimcə, Avropa Şurasına da xeyir gətirə bilməz”.

Politoloq istənilən halda bu görüşün böyük əhəmiyyətinin olduğunu vurğulayıb:

“Çünki tərəflər problemlərini dilə gətirdilər. Ehtimal edirəm ki, bu problemlərin həlli istiqamətində addımlar atılacaq, Avropa Şurası ilə əlaqələrin qırılmasına imkan verəcək şərait yaradılmayacaq. Azərbaycan çox çətin dönəmdən keçir və bu dönəmi atlatdıqdan, Dağlıq Qarabağ probleminə ədalətli həll variantı tapandan sonra Azərbaycan daha müstəqil siyasət yürüdə və kimlərinsə şantajına, təhdidinə boyun əyməyə bilər”.

Səxavət Həmid


Müəllif: Səxavət HƏMİD