11 Oktyabr 2017 13:25
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ankaradakı səfiri Con Bass Türkiyəni hörmətsiz şəkildə tərk etməli olacaq.

Teleqraf.com xəbər verir ki, bu haqda “Hürriyyət” qəzetinin məşhur köşə yazarı Murad Yetkin qeyd edib.

Məqalədə qeyd edilir ki, səfir Con Bass dünən gecə səfirliyin Çankayada yerləşən qonaq evində vida ziyafəti təşkil edib. Vida ziyafətində Ankaradakı xarici diplomatlar iştirak edib. Lakin Türkiyə hökuməti və müxalifəti, eləcə də hərbçilərdən heç kim səfirin vida ziyafətinə qatılmayıb. Baxmayaraq ki, onlar da bu ziyafətə öncədən dəvətli olublar.

Köşə yazarı qeyd edir ki, bu mənzərə, əslində, işlədiyi ölkəni tərk edən istənilən səfir üçün acı durum, arzuedilməz adam elan edilməkdən pis vəziyyət deməkdir.

Con Bass vida mərasimində etdiyi qısa çıxışı zamanı bu məqamın üstündən keçməyib və deyib ki, yaşadığı çətinliklərə rəğmən, Türkiyəni və türk xalqını çox sevir, tərəflər üçün münasib şərtlər daxilində Türkiyəyə yenidən gəlməyi arzulayır.

Murad Yetkin qeyd edir ki, onsuz da Belqradda səfərdə olan prezident Ərdoğan səfirin vida ziyafətindən iki saat öncə bəyan etmişdi ki, Türkiyə Amerika səfirinin vida ziyarətini qəbul etmir və onu ABŞ-ın Türkiyədəki səfiri saymır.

Bu mənada səfirin vida ziyarətinə türk hakimiyyətindən kiminsə iştirak edəcəyi gözlənilmirdi.


Müəllif: Cavad