13 Oktyabr 2017 19:10
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şimali İraq Kürd Muxtariyyətinin referendumla özünə birləşdirdiyi Kərkük sərhədinə 50 minlik ordu yeritdi. Kürd muxtariyyəti isə şəhərin müdafiəsi üçün Kərkükə əlavə qüvvələr göndərdi. Hazırda Kərkük ətrafında gərginlik davam edir.

Teleqraf.com-un məlumatına görə, kərküklü siyasi yazar Özdemir Hürmüzlü Publika.az-a açıqlamasında şəhərin mərkəzi İraq hökumətinin nəzarətinə keçdiyini deyib: “Dünən səhərə yaxın İraq ordusu Kərkükə doğru hərəkətə keçdi və peşmərgənin əlində olan bəzi hərbi bazaları yenidən nəzarət altına aldı. Məlumatlara görə, İraq ordusu heç bir güllə atmadan buna nail oldu. Bu proseslərin neft quyularının yanında olması diqqət çəkən detaldır. İraq daxili işlər naziri İŞİD-dən sonra Kərkükün Bağdadın nəzarətinə keçdiyini açıqladı. Kürd hərbi rəsmisi isə iddia etdi ki, İraq ordusu Kərkük ətrafındakı peşmərgə bazalarının boşaldılmasını tələb edir. Kərkük valisi Necmettin Kərim isə “biz İraq gücləri ilə döyüşmək istəmirik, əksinə dialoqla problemləri həll edə biləcəyimizi düşünürük” dedi. İraqın hərbi mənbələri mərkəzi Bağdad hökumətinin neft quyuları və Şimali İraqda neft şirkəti və hərbi bazanı nəzarətə alacağını açıqladı”.

Ö.Hürmüzlü hesab edir ki, gərginlik yaşansa da, İraq ordusu ilə peşmərgə arasında müharibənin olması ehtimalı azdır: “Çünki ABŞ buna imkan vermir. Digər tərəfdən, kürdlər mərkəzi hökumətlə döyüşsələr, dünya ictimaiyyətinin gözündə separatçı olaraq görünəcəklər”.

Ö.Hürmüzlü əlavə edib ki, Kərkük ətrafında baş verənlər əslində neft uğrunda mübarizədən qaynaqlanır.

“Şəhər heç kimin marağında deyil. Belə görünür ki, ABŞ Kərkük neftinin mərkəzi hökumətin nəzarətində olmasını istəyir. İraq ordusunun hərəkətə keçməsi də əslində neft quyularının nəzarətə alınmasına hesablanıb”, - deyə o diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com