15 Oktyabr 2017 12:59
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistanı dəstəkləmək siyasəti artıq uzun illərdir davam edir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə deyib.

O qeyd edib ki, heç şübhəsiz, bu siyasət Azərbaycana qarşıdır: “Rusiya Azərbaycanın ona isti münasibətini sanki görməzdən gəlir. Rusiyanın bu addımları Azərbaycana qarşıdır və müttəfiqlik anlayışlarına ziddir”.

Onun sözlərinə görə, Rusiya bir sıra addımlarında Azərbaycanın maraqlarını nəzərə almalıdır. Əks təqdirdə, qarşılıqlı etimad zədələnməkdə davam edəcək. Bununla belə A.Əlizadə hesab edir ki, Rusiyanın Ermənistan siyasəti həm də Ermənistana tam sahib çıxmağa yönəlib: “Rusiya Ermənistana bu krediti ayıranda həm də gözəl bilir ki, ermənilər bu krediti heç vaxt qaytarmayacaq. Bu kreditlərin hesabına artıq Ermənistan iqtisadiyyatının 94 faizə qədəri Rusiyanın şəxsi malıdır. İndi bu krediti də verəcəklər, erməni tərəfi də onu qaytarmayacaq. Sonda ruslar ermənilərin əlindən daha nələrisə alıb krediti siləcəklər. Bu faktdır. Yəni bu gün ruslar Ermənistanı borca oturdur”.

Deputat qeyd edib ki, Ermənistan tərəfi aldığı kreditlər hesabına əldə edəcəyi “İqla-S” zenit raket kompleksləri ilə nə Azərbaycan təyyarəsini vuracaq, nə də Azərbaycana hücum edəcək: “Ermənilər hər yerdə dad edir ki, bizi Azərbaycanın əlindən xilas edin. Bütün ümidləri də Rusiyayadır. Ermənistanda gənclər qalıbmı ki, bu müasir silahlardan istifadə etməyi öyrənsinlər və Azərbaycana qarşı müharibə aparsınlar? İndi çoxları deyir ki, Rusiya vasitəçilik prinsiplərinə zidd hərəkət edir. Zamanında Dmitri Medvedev Ermənistanla vahid ordu yaratmaq haqqında saziş imzalamışdı. Onda Rusiya vasitəçi kimi Minsk qrupunda təmsil olunmaq üçün mənəvi haqqını itirdi. Bu mənada Minsk qrupu ilə qurtarmaq lazımdır. Çünki vasitəçilər tərəfindən bu kimi addımlar qəbuledilməzdir. Bu yay Sosialist İnternasionalının iclası keçirildi. Mən orada məsələ qaldırdım ki, Minsk qrupu ləğv edilməli və missiya BMT Təhlükəsizlik Şurasına verilməlidir. Ermənilər həyasızcasına dedi ki, Minsk qrupunu ləğv edib işi BMT-yə qaytarmaq olmaz”.

A.Əlizadə bildirib ki, məhz bu kimi hərəkətlərə görə, artıq dünyada beynəlxalq hüquq anlayışı məhv olur: “Beynəlxalq hüquq ABŞ-ın İraqa hücumu ilə öz funksiyasını itirdi. Ərazi bütövlüyünün toxunulmazığı anlayışı Yuqoslaviyanı kiçik dövlətlərə parçalayanda öldü və öldürməkdə də davam edirlər. Rusiyanın son addımı da bu qəbiləndəndir. Bu kimi hərəkətlər bizə qarşıdır. Ermənilər heç nə edə bilməz. Aprel müharibəsi nümunəsi var. Azərbaycanla əlaqələri zədələmək Rusiyanın özü üçün də mənfi fəsadlar verə bilər”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Artıq Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla - S” zenit raket kompleksləri, “Avtobaza - M” radiotexniki kəşviyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaqdır. Buradan görünür ki, ATƏT-in Minsq Qrupunda vasitəçi dövlət olan Rusiya işğalçı Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Bu faktiki olaraq vasitəçi olan Rusiyanın öz öhdəliklərini pozması, bitərəf mövqe tutmaması və özünü münaqişədə maraqlı tərəf kimi göstərməsi anlamına gəlir. Şübhəsiz ki, Rusiyanın bu addımlar həm də Azərbaycanla mövcud olan yaxşı qonşuluq münasibətlərini, strateji tərəfdaşlıq əlaqələrini pis duruma salır və zədələyir. Üstəlik Moskva açıq göstərir ki, Dağlıq Qarabağ münaqişəsində tərəfdir. Ümumiyyətlə son zamanlar Rusiyanın nümayiş etdirdiyi mövqe Azərbaycanla olan yaxşı münasibətlərin ruhuna zidd addımlar kimi görünür. Söhbət Ümumrusiya Azərbaycanlılar Konqresinin qeydiyyatının ləğv edilməsindən, bəzi rus KİV-lərində Azərbaycana qarşı açıq anti təbliğat aparılmasından və digər məqamlardan gedir.


Müəllif: Cavad