15 Oktyabr 2017 15:31
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müstəqillik əldə etdikdən sonra ən isti və geniş əlaqələri Türkiyə ilə qurub. Məhz bunun nəticəsidir ki, Azərbaycan nefti və qazı Türkiyə üzərindən Avropaya nəql olunur. Eləcə də Azərbaycan bütün beynəlxalq platformalarda Türkiyəni açıq və qızğın müdafiə edir. Prezident İlham Əliyev Almaniya səfəri zamanı Bundestaqda keçirəcəyi görüşləri də məhz Türkiyəyə görə təxirə salmışdı. Çünki səfərdən öncə Almaniya parlamenti saxta erməni soyqrımı ilə bağlı qərar qəbul etmişdi. Bu kimi yüzlərlə misallar çəkmək olar. Azərbaycan Türkiyəni özünün qardaşı hesab edir və bunu sözdə deyil, həm də əməldə də ortaya qoyur. Siyasətdə öz maraqları ilə paralel olaraq Türkiyənin də maraqlarını qoruyur və müdafiə edir.

Lakin bütün bunların fonunda bir sıra Türkiyə vətəndaşlarının Ermənistana və Ermənistan üzərindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməsi heç cür anlaşılan deyil. Belə ki, bir müddət əvvəl Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu Dağlıq Qarabağa səfər ediblər. Hazırda bu şəxslər Türkiyə mediasına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, Qarabağ ermənilərinin qonaqpərvərliyindən dəm vururlar. Bütün bunların fonunda Türkiyə hökumətinin bu 4 xəyanətkara qarşı ciddi tədbir görməməsi Azərbaycan ictimaiyyətində dərin təəssüf və narahatlıq hissi doğurub.

Bu faktla bağlı Azərbaycan Baş Prokurorluğu cinayət işi açsa da, Türkiyə Xarici İşlər Nazirliyi bəyanat verməklə kifayətlənib. Bu fakt isə sözsüz ki, Azərbaycan ictimaiyyətini dərindən narahat edir. Bu barədə informasiya ortaya çıxdıqdan sonra milyonlarla azərbaycanlı hesab edirdi ki, Türkiyə dövləti özü bu xəyanətkarları cəzalandıracaq. Lakin rəsmi Ankara indiyə qədər bu istiqamətdə addım atmayıb.

Bu azmış kimi Türkiyə Böyük Millət Məclisinin deputatı, erməni mənşəli Karo Paylan Ermənistana tez-tez səfərlər edərək prezident Serj Sərkisyanla görüşür, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün danışıqlar aparır. Fəqət bu durum Türkiyə hökumətinin nəzərindən qaçsa da, Azərbaycan ictimaiyyətinin diqqətindən yayınmamaqla yanaşı acı təəssüf hissi doğurur. Sanki Türkiyə hökuməti quru bəyanat verməklə işini bitmiş hesab edir. Ancaq ortada həm də Belarus təcrübəsi var. Məhz Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə Belarus hökuməti bloger Aleksandr Lapşini dərhal Azərbaycana təhvil verdi. Görünən odur ki, bizə ən yaxın olan Türkiyə nədənsə bu təcrübədən istifadə edərək Qarabağa qanunsuz gedən vətəndaşlarını Azərbaycana təhvil vermək və ya özü cəzalandırmaq niyyətini güdmür. Halbuki Türkiyə bu şəxsləri cəzalandırmaqla həm də gələcəkdə bu kimi halların baş verməsinin qarşısını ala bilər.

Bu günlərdə Dəniz Baykal başda olmaqla Türkiyənin bir sıra deputatlarının AŞ PA-da Azərbaycan əleyhinə qəbul edilən qətnaməyə səs verdikləri bəlli olub. Türkiyə hökuməti bütün bu hərəkətlərə susqunluq nümayiş etdirməklə Azərbaycan cəmiyyətinin narahatlığını bir qədər də artırır.

Milli Məclisin deputatı Musa Quliyev də Teleqraf.com-a açıqlamasında son vaxtlar Türkiyədən bir qrup şəxsin Ermənistana və Dağlıq Qarabağa qanunsuz səfər etməsinin onda dərin narahatlıq və məyusluq yaratdığını bildirib: “Əlbəttə, biz bilirik ki, bu səfərdə iştirak edən şəxslər türk deyil. Ola bilsin ki, başqa millətdən olanlardır, erməni əsilli Türkiyə vətəndaşlarıdır. Qanı və canı türk olan bu addıma getməz. İkincisi, bizim prokurorluq faktla bağlı cinayət işi açıb. Amma bununla kifayətlənmək olmaz. Hesab edirəm ki, cinayət təqibinə start verilməli, İnterpol vasitəsilə həmin şəxslər axtarışa verilməlidir. Üstəlik Türkiyə hüquq-mühafizə orqanları vasitəsilə də bu prosesi asanlıqla başa çatdırmaq olar. Türkiyə özü də bu şəxslərin cəzalandırılmasında maraqlı olmalıdır. Əks təqdirdə Azərbaycan cəmiyyətində mövcud olan narahatlıq aradan qalxmayacaq. Üçüncüsü, Aleksandr Lapşinin məsələsi ancaq Lapşinlə qurtarmamalıdır. “Lapşinlər”in hamısı Azərbaycana gətirilməli, həbsxanada oturmalı və səhvini anlamalıdır. Türkiyədə bunda maraqlı olmalıdır. Əlbəttə, Türkiyə ictimaiyyəti də bu işdə aktiv olmalıdır. Əgər biz bir millət, iki dövlətiksə, bu halda dövlət və cəmiyyətlərimizin fikirləri hər bir məsələdə olduğu kimi bu məsələdə də üst-üstə düşməlidir. Məncə, Türkiyənin buradakı səfirliyi də fakta açıq münasibət bildirməli, cəmiyyətimizin narahatlığını Türkiyəyə çatdırmalıdır”.

Deputat deyib ki, uzaq Afrikadan və ya Avropadan kiminsə Qarabağa səfər etməsi ilə Türkiyədə kimlərinsə səfər etməsini eyniləşdirmək olmaz: “Yəni bu situasiyalar fərqlidir. Türkiyə bizə ən yaxn dövlətdir. Onun özü də bu şəxslərin cəzalandırılmasını təmin etməlidir. Biz Türkiyə Xarici İşlər Nazirliyinin bu səfərlə bağlı bəyanat verməsini alqışlayırıq. Amma cinayət təqibi də olmalı, bu xəyanətkarlar gəlib Azərbaycan həbsxanalarında cəza çəkməlidir. Yalnız bu halda biz görəcəyik ki, Türkiyənin bəyanatı ilə əməli üst-üstə düşdü. Nəhayət, əgər Türkiyə hökuməti bizə Lukaşenkodan uzaq deyilsə, bu addımı atmalıdır. Başqa cür ola bilməz”.


Müəllif: Cavad