15 Oktyabr 2017 23:29
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kifayət qədər irəliləyişlər var. Ancaq bu müsbət işləri görmək və qiymətləndirmək lazımdır. Təbii ki, bütün ölkələrdə, eləcə də Azərbaycanda hələ görüləsi işlər, həyata keçiriləsi islahatlar da var.

Teleqraf.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində İtaliyanın AŞPA-da nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun sədri Adele Qambaro deyib.

Adele Qambaro bildirib ki, Avropa Şurası Azərbaycanla təzyiq dili ilə danışmaq əvəzinə, bu ölkədə demokratiyanın daha da möhkəmlənməsi üçün dəstək verməlidir. AŞPA-da Azərbaycana qarşı məhkəməyəbənzər bir proses qurmaq qətiyyən doğru deyil. Əksinə, Azərbaycanla dialoqu daha da gücləndirmək, onu daha çox eşitmək lazımdır. Azərbaycanla bağlı sənədlərin müzakirəsi zamanı bəzi avropalı deputatların məhkəmədə imiş kimi fikirlər səsləndirmələri də doğru deyil, çünki bu AŞPA-nın işi deyil.

Adele Qambaro OCCRP təşkilatının Azərbaycanla bağlı ortaya atdığı iddialarla bağlı qeyd edib ki, heç bir sübut olmadan iddia irəli sürmək və AŞPA daxilində müzakirəyə çıxarmaq düzgün deyil. Bu iddialar sadəcə böhtan xarakteri daşıyır.

Son dövrlər AŞPA-da Azərbaycana qarşı mənfi münasibətin yarandığını qeyd edən italiyalı parlamentari Avropa təsisatlarında düşüncə tərzinin, yanaşmanın ciddi şəkildə dəyişilməli olduğunu vurğulayıb. O deyib: “Burada kifayət qədər deputat var ki, demokratiya sahəsində problemləri olan ölkələrə loyal yanaşırlar, Azərbaycana qarşı isə olduqca sərt münasibətdədirlər. Bu, o deməkdir ki, bu təsisatlarda düzgün olmayan məsələlər var. Bu, xoşagəlməz və məyusedici haldır. Biz burada xalqı təmsil edən parlamentarilərik. Parlamentarilər arasında münasibətlər hökumətlərarası münasibətlərdən fərqli olmalıdır. Parlament üzvləri hər bir şəraitdə əlaqələri və dialoqu qoruyub saxlamağı bacarmalıdırlar. Bu, mənim fikrimdir və burada olan hər kəsin fikri belə olmalıdır. Ancaq təəssüf ki, ortaya atılan iddialar və böhtanlar çoxlarını bu fikirdən uzaqlaşdırıb.


Müəllif: Teleqraf.com