21 Oktyabr 2017 13:28
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Türkiyəyə səfəri sadəcə tədbirdə iştirak deyildi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bu səfər ümumilikdə Azərbaycanla Türkiyənin, həmçinin sammitdə iştirak edən digər ölkələrlə əlaqələrin daha da möhkəmləndirilməsidir: “Bu səfər beynəlxalq birliyin problemlərinin həllinə Azərbaycanın töhfə verməsi idi. Cənab Prezidentin çıxışı böyük maraqla qarşılandı. Onun toxunduğu məsələlər bu gün təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edir. Bu problemlər həll edilməsə, ümumən dünyanın problemləri daha da ağırlaşacaq.

Eyni zamanda cənab Prezidentin Şərq-İslam dünyası birliyinin möhkəmləndirilməsinə etdiyi çağırış, Ermənistanın ikiüzlülük göstərərək bir tərəfdən məscidləri dağıtması, digər tərəfdən ayrı-ayrı İslam ölkələri ilə dostluq etmək cəhdinin ifşası da sammitin əsas məsələlərindən biri hesab oluna bilər”.

Aydın Mirzəzadə qeyd edib ki, sammitdə diqqəti cəlb edən digər mühüm məqam Azərbaycanın D-8 üzvü olmamasına rəğmən, ölkə prezidentinə sammitdə böyük dəyər verilməsi, ona böyük hörmət göstərilməsi idi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “niyə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmasın?..” fikrini irəli sürməsi bu gün Azərbaycanın qazandığı yüksək nüfuza, dünya ölkələri, o cümlədən qardaş Türkiyə tərəfindən verilən böyük qiymətdir”.

Müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin xarici ölkələrə hər səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının daha bir göstərici olur: “Bir daha yəqin edilir ki, Azərbaycanın seçdiyi daxili və xarici siyasət kursu düzgündür. Cənab Prezidentin ulu öndərin siyasi dəst-xəttinə uyğun olaraq apardığı fəaliyyət dünyanın və Azərbaycanın maraqlarına cavab verir”.


Müəllif: Səxavət HƏMİD