22 Oktyabr 2017 09:10
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX zirvə görüşünə dəvət edilməsi dünyada durmadan rolu artan Azərbaycana böyük etimaddır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, D-8 təşkilatının İstanbul sammitinə qədərki sədri, Pakistanın Baş naziri Şahid Xaqan Abbasi hətta sammitdən əvvəl Azərbaycanın D-8-ə üzvlüyünə heç bir maneə görmədiyini və bunun mütləq baş tutmalı olduğunu açıqlamışdı: “Müzakirələr zamanı başqa fikirlər də ortaya çıxdı. Əsas fikir ondan ibarət idi ki, D-8 formatını D-20 formatına, yəni 20 inkişaf etmiş müsəlman dövlətinin birliyinə çevirmək daha məqsədəuyğun olar”.

Qabil Hüseynli bildirib ki, nəticə etibarilə sammit baş tutub və Azərbaycan Prezidenti sammitdə çıxış etdi: “Azərbaycan Prezidentinin çıxışı çox maraqlı idi. Diqqətçəkən məqamlar aşağıdakılardan ibarətdir.

Prezident müsəlman dövlətlərinin iqtisadi potensialının birləşdirilməsini və bu iqtisadi potensialın müsəlman dövlətlərinin bəzi problemlərinin həllinə yönəldilməsini təkif etdi. Bundan başqa, Prezident müsəlman dövlətləri arasında siyasi həmrəyliyin gücləndirilməsinin zəruriliyini də qeyd etdi və bu kontekstdə Azərbaycanın məruz qaldığı erməni təcavüzündən danışdı.

Prezident bu təcavüzün dəf edilməsi üçün müsəlman dövlətlərini həmrəylik nümayiş etdirməyə və Azərbaycana siyasi dəstək verməyə çağırdı. Zənnimcə, sammitdə iştirak edən müsəlman dövlətləri cənab Prezidentin bu təklifini məmnuniyyətlə qəbul etdilər. Onsuz da onların çoxu indiyədək Azərbaycana Dağlıq Qarabağ məsələsində hərtərəfli dəstək verən ölkələrdən ibarətdir.

Prezident İlham Əliyev sammitdə Azərbaycan barədə geniş məlumat verdi, ölkənin sürətli iqtisadi inkişafı barədə danışdı, iri regional iqtisadi layihələrin hamısının təşəbbüskarının Azərbaycan olduğunu bildirdi”.

Qabil Hüseynli qeyd edib ki, Azərbaycan Prezidenti D-8 sammitində ölkənin bütün üstünlüklərini və iqtisadi nailiyyətlərini açıq şəkildə nümayiş etdirdi: “Prezidentin bu təqdimatı sammit iştirakçılarında geniş təsəvvür yaratdı. Güman edirəm ki, D-8 formatı D-20-yə çevrilsə, Azərbaycan mütləq D-20-nin üzvü olacaq. Bu toplantıya qatılmaq Azərbaycanın beynəxalq nüfuzunun daha da artdığını sübut edir.

Eyni zamanda Azərbaycanın əsas məsələlərini təbliğ etməsi üçün bütün platformalardan məharətlə istifadə etdiyini göstərir”.


Müəllif: Səxavət HƏMİD