3 Noyabr 11:13
132

Bakı-Tiflis-Qars dəmiryolunun rəsmi açılışı münasibətilə ABŞ- da məşhur və geniş auditoriyaya malik Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, aparıcı 850 km məsafəni əhatə edən bu dəmiryolunun Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı bütövlükdə regionun inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın regionun digər ölkələri üçün örnək olduğunu deyən diplomat bunun könüllü surətdə və heç kimin təsiri olmadan baş verdiyini və hər üç ölkənin və xalqların maraq və rifahına xidmət etdiyini vurğulayıb. Tarixi İpək Yolunun yenidən canlandırılmasında mühüm bağlantı olan Bakı-Tiflis-Qars dəmiryolunun rəsmi açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin, Türkmənistan və Tacikistanın nazirləri və digər ölkələrin rəsmilərinin iştirak etdiyini və bu faktın özü-özlüyündə layihənin region üçün nə dərəcədə əhəmiyyətli olmasının göstəricisi olduğu bildirilib.

E.Süleymanov Azərbaycan, Gürcüstan və Türkiyənin əvvəlki dövrlərdə birgə enerji sahəsində, o cümlədən Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri kimi mühüm əhəmiyyətə malik olan layihələr həyata keçirdiklərini və hazırda Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin inşası üzərində işlədiklərini vurğulayıb. O, Bakı-Tiflis-Qars dəmiryolunun isə qeyri-enerji sektorunda ilk belə irimiqyaslı layihə olduğunu söyləyib. Səfir ABŞ və Avropa İttifaqının da bu dəmiryolunu dəstəklədiyini və rəsmi açılış münasibətilə bəyanat verdiyinə diqqəti yönəldərək, Avropa İttifaqının bəyanatında həmin dəmiryolunun Şərq Tərəfdaşlığı, eləcə də Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun gəldiyinin ifadə edildiyini söyləyib.

Yekunda aparıcı Bakı-Tiflis-Qars dəmiryoluna ABŞ tərəfindən göstərilən dəstək, habelə onun region ölkələri ilə bu sahədə praktik əməkdaşlığa marağının artmasına toxunaraq, bu xüsusda, ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı çərçivəsində həm Azərbaycan, həm də Gürcüstanda gömrük və sərhəd keçid məsələlərinə həsr olunmuş təlimlərin təşkil edildiyini qeyd edib.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.


Müəllif: Səxavət