8 Noyabr 19:45
67

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətdir.

Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "Biz bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını qeyd etdik. Bu, böyük tarixi nailiyyətdir. Bu dəmir yolunun istifadəyə verilməsi Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətdir. Biz bunu bu gün də bilirik, bunu gələcəkdə də hər kəs daha çox görəcək və hiss edəcək. Bunun da maliyyə mənbəyi haradan gəlib? Dövlət Neft Fondundan. Dövlət Neft Fonduna haradan gəlib? Neftçilərin zəhməti hesabına. Əgər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum tikilməsə idi, o dəhliz açılmasa idi, vəsaitimiz olmasa idi biz bunu necə tikə bilərdik? Mən prezident vəzifəsinə seçiləndən demək olar ki, dərhal sonra bu layihə ilə məşğul olmağa başlamışam. Görürdüm ki, burada böyük çətinliklər var. İlk növbədə, maliyyə çətinliyi və texniki məsələlərin həlli. Çünki ölkələr arasında bir çox razılaşmalar əldə olunmalı idi. O vaxt biz bunu həll etdik".

İlham Əliyev qeyd edib ki, bu layihə ilə bağlı siyasi əngəllər törədilməyə başlandı: "Əgər maliyyə imkanlarımız olmasa idi, biz Bakı-Tbilisi-Qarsı hansı pulla tikə bilərdik? Çünki bu yolun böyük hissəsi Azərbaycan ərazisindən keçir – 504 kilometr. Gürcüstan ərazisindən 200 kilometrdən çox hissəsi keçir ki, orada da maliyyə və texniki məsələləri Azərbaycan həll edir. Yolun uzunluğu təxminən 850 kilometrə yaxındır. Yəni, ancaq səmərəli fəaliyyət nəticəsində, şəffaf Neft Fondunda saxlanılan vəsait hesabına və neftçilərin zəhməti sayəsində biz buna nail ola bilmişik".


Müəllif: Teleqraf.com